Haitidə vəba qurbanlarının sayı 4000-ə yaxınlaşır
18 Yanvar 2011 Çərşənbə Axşamı 01:55
Haitidə vəba qurbanlarının sayı 4000-ə yaxınlaşır. Dominikan Respublikasında isə vəbaya 170-ə yaxın adam yoluxub.
Haitidə vəba epidemiyası nəticəsində ölkənlərin sayı 3839 nəfərə çatıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəliyə yoluxanların sayı təxminən 190 min nəfərdir. Yanvarın 11-də açıqlanan rəsmi məlumatda xəstəlikdən ölənlərin sayının 3759 nəfər olduğu bildirilirdi.
Epidemiyadan ən çox ziyan çəkən bölgə Artibonit departamentidir. Burada vəbadan 851 nəfər ölüb. Şimal və Qərb (paytazt Port-o-Prens də bu departamentdə yerləşir) departamentlərində isə müvafiq olaraq 597 və 593 nəfər epidemiya qurbanına çevrilib.
Haiti ilə quru sərhədi olan Dominikan Respublikasında isə vəbaya yoluxanların sayı 170 nəfərə yaxınlaşır. Bu ölkədə ölüm halı qeydə alınmayıb.
Haitinin şimal-qərbində vəba epidemiyası oktyabrın ortalarında başlayıb. Səhiyyə Nazirliyinin xahişi ilə Haitiyə səfər edən fransalı epidemioloq Reno Pyaru bildirib ki, epidemiya ocağı Nepaldan olan BMT sülhməramlılarının düşərgəsi olub. Fransalı alimin gəldiyi nəticələrlə Haiti sakinlərinin ehtimalları üst-üstə düşüb. Sakinlər də nepallı sülhməramlıları vəbanın yayılmasında günahkar hesab edirlər. Nepal ordusunun komandanlığı isə Reno Pyarunun hesabatını kəskin tənqid edib və bildirib ki, hesabat istisnasız olaraq ehtimallara əsaslanır..
Haitidəki vəziyyəti dekabrın əvvəllərində iri şəhərlərdə başlayan geniş miqyaslı etiraz aksiyaları da çətinləşdirir. Nümayişçilər hakimiyyəti noyabrın 28-də keçirilmiş seçkioərin nəticələrini saxtalaşdırmaqda günahlandırır və nəticələrin etibarsız sayılmasını tələb edir. Nümayişlər zamanı azı dörd nəfər ölüb.
Bundan başqa, Qərb yarımkürəsinin ən yoxsul ölkəsi dağıdıcı zəlzələdən sonra özünə gələ bilmir. Zəlzələ nəticəsində 230 minə yaxın adam ölmüş, təxminən 3 milyon nəfər xəsarət almış, 1 milyondan artıq sakin evsiz qalmışdı. Haiti iqtisadiyyatına böyük ziyan dəyib. İlkin hesalamalara görə, zərər 9 milyard dollar civarında olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: