Haaqa məhkəməsi Qəddafinin oğlu ilə danışıqlar aparır
29 Oktyabr 2011 Şənbə 11:31
Seyf əl-İslam bəşəriyyətə qarşı cinayətlər törətmədiyini sübut etməyə hazır olduğunu bəyan edir.
Beynəlxalq Cinayət Məhkəməsi sabiq Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın həbs edilməsi və məhkəməyə çıxarılmasına nail olmaq üçün onun özü ilə qeyri-rəsmi danışıqlar apardığını təsdiqləyib. Beynəlxalq Cinayət Məhkəməsi Müəmmər Qəddafini, Seyf əl-İslam Qəddafini və Liviyanın sabiq kəşfiyyat rəhbəri Abdulla əl-Sənussini fevral ayında dinc sakinlərə atəş açılması və avia-zərbələr endirilməsi ilə əlaqədar, bəşəriyyətə qarşı cinayətlər törətməkdə ittiham edir. Beynəlxalq Cinayət Məhkəməsinin mətbuat nümayəndəsi Fədi əl-Abdullanın sözlərinə görə, razılaşma əldə olunarsa, Seyf əl-İslamın ekstradisiyası baş tutacaq, bu isə onun hansı ölkədə olmasından asılıdır. Əl-Abdulla hazırda Niger yaxud Malidə gizləndiyi ehtimal edilən Seyə əl-İslamın təslim olacağı təqdirdə, ədalətli məhkəməyə əmin ola bilər.
Yeni Liviya hökuməti Seyf əl-İslam və əl-Sənussinin Sahara səhrasında Tuareq tayfaları tərəfindən himayə olunduqlarını hesab edir. Liviya Milli Keçid Şurasının rəsmilərinin Beynəlxalq Cinayət Məhkəməsinin Qəddafinin oğlu ilə əlaqə yaratmasından razı qalmadığı bildirilir. Şura Seyf əl-İslamın Beynəlxalq Cinayət Məhkəməsində deyil, Tripolidə mühakimə edilməli olduğunu, bu prosesə üçüncü tərəfin qarışmamalı olduğunu hesab edir.
Haaqa məhkəməsinin prokuroru Luis Moreno-Okamponun qeyri-rəsmi mənbələrə istinadən bildirdiyinə görə, bir qrup vasitəçi Seyf əl-İslama Beynəlxalq Cinayət Məhkəməsinin Roma Konvensiyasının tərəfi olmayan hər hansı bir Afrika ölkəsinə köçürülməyi təklif edir. Əgər Seyf əl-İslam Niger, Mali yaxud Tunisdədirsə, bu ölkələrin Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələr kimi onu həbs etmək öhdəliyi var. Əlcəzairin isə qeyri-üzv ölkə kimi belə bir öhdəliyi yoxdur.
Seyf əl-İslam Qəddafi isə bəşəriyyətə qarşı cinayətlərdə əli olmadığını və günahsız olduğunu sübut etməyə hazır olduğunu bəyan edir. Haaqa məhkəməsinin prokuroru Luis Moreno-Okamponun sözlərinə görə, Seyf əl-İslam öz günahsızlığını sübut etməkdə maraqlıdır və bundan sonra onu nəyin gözlədiyinə etinasız deyil.
DOSTLARINLA PAYLAŞ: