Gürcüstanın Marneuli rayonunda Novruz şənlikləri keçirilib
22 Mart 2012 Cümə Axşamı 01:09
Gürcüstanın Marneuli rayonunda Novruz bayramı münasibəti ilə bayram şənliyi təşkil olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Novruz şənliklərində Gürcüstan daxili işlər naziri Vano Merabişvili, Gürcüstan parlamentinin sədr müavini, “Vahid Milli Hərəkat” partiyasının sədri Mixail Maçavariani, Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Marneuli rayon icra başçısı Zaza Dekonoidze və Kvemo-Kartlinin 7 rayonunda kompakt yaşayan azərbaycanlı və gürcü sakinləri iştirak ediblər.

Tədbirdə Gürcüstan parlamentinin sədr müavini Mixail Maçavariani və millət vəkili Qənirə Paşayeva Novruz bayramı münasibəti ilə Gürcüstanda yaşayan azərbaycanlıları təbrik ediblər.

M. Maçavariani Gürcüstan prezidenti Mixail Saakaşvilinin salamlarını və təbriklərini çatdırıb. Q. Paşayeva da çıxışını bayram təbriki ilə başlayıb. O, Gürcüstan prezidentinə iki ölkə arasındakı dostluğun inkişafına verdiyi dəstəyə görə, minnətdarlığını bildirib.

Novruz şənliyində Azərbaycandan gələn müğənnilərdən Manana Caparidze, Ədalət Şükürov və “Sarvan” folklor rəqs qrupu çıxış ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar