Gürcüstanın sərhəd xidmətinin əməkdaşları son bir ayda Türkiyəyə məxsus ikinci gəmini saxlayıblar. «Nyu-Star-1» adlı gəmi Suxumi limanına donuz əti və tikinti materialları aparırdı. "RİA Novosti"nin məlumatına görə, gəmi gömrük qaydalarını pozduğu üçün saxlanılıb. Belə ki, o Gürcüstanın xüsusi iqtisadi zonası hesab edilən ərazisində üzüb və sahil xidmətinin dayanmaq tələbini yerinə yetirməyib. Gəmi Poti limanındakı bazaya aparılıb. Gəmidə 14 nəfər heyət üzvi olub. Onların hamısı Türkiyə vətəndaşlarıdırlar.
Qeyd edək ki, Abxaziyanın sahil əraziləri və limanları Gürcüstan qanunlarına görə, beynəlxalq gəmilərin üzməsi üçün qapalı zona hesab edilir.
Xatırladaq ki, aprel ayının əvəllərində gürcü sərhədçiləri «Denfa Dəfnə» adlı türk gəmisini saxlamışdılar. Gəmi Abxaziyaya yanacaq və sürkü materialları aparırdı. /ANS PRESS