Gürcüstanda sürücülük vəsiqələri 17 yaşdan veriləcək
28 Aprel 2011 Cümə Axşamı 20:55
2011-2012-ci tədris ilindən orta məktəblərdə “Yol nişanları və yol hərəkəti təhlükəsizliyi” adlı yeni fənnin tədrisinə başlanılacaq
Sabah Gürcüstan parlamentinə sürücülük vəsiqələrinin 17 yaşdan verilməsi ilə bağlı qanunvericilik təşəbbüsü göndəriləcək. Bu ölkənin daxili işlər naziri Vano Merabişvilinin sözlərinə görə, bu gün hökumətin iclasında müvafiq qanun layihəsi nəzərdən keçirilib. Parlamentin həmin layihəyə müsbət rəy verəcəyinə əmin olan nazir yeni qanunun 2011-ci ilin yay aylarından qüvvəyə minəcəyini istisna etməyib.
Qeyd edək ki, yeni qanunvericilik təşəbbüsü 2011-2012-ci tədris ilindən məktəblərdə “Yol nişanları və yol hərəkəti təhlükəsizliyi” adlı yeni fənnin tədrisini nəzərdə tutur. Bu fənnin tədrisi məcburi olacaq. Nəzəriyyə imtahanlarından müvəffəqiyyətlə keçən şagirdlər Patrul Polisində praktiki imtahan vermək hüququ qazanacaqlar.
DOSTLARINLA PAYLAŞ: