Gürcüstanda parlament seçkisi bu ilin oktyabrında keçiriləcək
06 Yanvar 2012 Cümə 12:14
Mixail Saakaşvili MSK sədrindən seçkinin demokratik prinsiplərə uyğun, şəffaf keçirilməsini tələb edib.
Gürcüstan Prezidenti Mixail Saakaşvili Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zurab Xaratişvilini qəbul edib və növbəti parlament seçkisinin bu ilin oktyabrında keçiriləcəyini bildirib.
Seçkinin Gürcüstan Konstitusiyasında nəzərdə tutulan vaxtda keçiriləcəyini vurğulayan Prezident MSK sədrinə deyib ki, irəlidə doqquz ay vaxt var. Bu müddət ərzində seçkilərin daha yaxşı keçirilməsi üçün hər cür hazırlıq görülməlidir.
Parlament seçkisinin ölkənin həyatında mühüm rol oynadığını deyən Mixail Saakaşvili MSK sədrindən seçkinin demokratik prinsiplərə uyğun, şəffaf keçirilməsini və bütün siyasi subyektlərə eyni şəraitin yaradılmasını tələb edib.
Prezident Gürcüstanın yeni Seçki Məcəlləsinin Venesiya Komissiyası tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmiş və seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi naminə beynəlxalq təşkilatlardan kifayət qədər müşahidəçilərin cəlb olunmasına dair göstəriş verib.
Z.Xaratişvili bütün seçki subyektlərinə və siyasi partiyalara seçkilərdə bərabər şəraitin təmin olunması, seçkilərin qanunun tələbləri səviyyəsində keçirilməsi üçün MSK üzvlərinin əlindən gələni edəcəklərini bildirmişdir.
DOSTLARINLA PAYLAŞ: