Gürcüstanda hərbi çevriliş həyəcanı
30 Noyabr 2012 Cümə 17:30
Ekspertlər yeni hökumətin generalların həbsinin təsadüfi olmadığını düşünür.
Gürcüstanda parlament seçkilərindən 2 ay keçməsinə baxmayaraq, vəziyyət qeyri-müəyyən olaraq qalır. Hakimiyyətə gəlmiş “Gürcü arzusu” koalisiyası sosial vədləri yerinə yetirməkdən daha çox köhnə hökumətin üzvlərini həbs etməklə məşğuldur. ANS PRESS-in “Politrus” portalına istinadən verdiyi məlumata görə, ayrı-ayrı ekspertlər Bidzina İvanişvilinin rəhbərlik etdiyi koalisiyanın qələbəsəni “Qızılgül inqilabı”ndan öncə Gürcüstana nəzarət edən güclü kriminal strukturlarının revanşı kimi xarakterizə edib. Bu kontekstdə Rusiyaya meyilli Nino Burcanadzenin “qanuni oğrular”la koalisiyaya daxil olmaması da təsadüfi hesab olunmur. Ehtimal olunur ki, Moskva İvanişvili rejimi ilə hər hansı ciddi dialoq qurmaqdan ona görə boyun qaçırır ki, onun hakimiyyətini müvəqqəti sayır.
Gürcü Araşdırmaları Mərkəzinin ekspertləri isə “Gürcü arzusu” koalisiyasına daxil olan siyasi liderlərin öz taleləri ilə bağlı ciddi narahatlıq keçirdiyini qeyd edir. Onlar hesab edir ki, orduda böyük nüfuza sahib zabitlərin həbsi və sabiq müdafiə naziri İrakli Okruaşvilinin məhkəmə işi heç də təsadüfi hallar deyil. Ekspertlər bunu yeni hökumətin hərbi çevriliş təhlükəsindən qorxduğu üçün etdiyini düşünür.
Qeyd edək ki, 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan ordusunda genişmiqyaslı islahatlar aparılıb. Ordunun hərbi potensialının bərpasına təkcə Birləşmiş Ştatlar 1 milyard dollar ayırıb. Hazırda Gürcüstanın silahlı qüvvələri NATO standartlarına uyğun olmaqla yanaşı, alyansın faktiki nəzarətindədir. Əvvəlki kimi olmasa da, NATO-nun təcrübəli təlimatçıları gürcü hərbçilərini hərbi işin sirrini öyrətməkdə davam edir.
Bütün bunların fonunda NATO baş katibinin Gürcüstanın yeni rəhbərliyi ilə danışıq tonu və Vaşinqtonun hələlik İvanişvilinin qəbul etmək istəməməsi belə düşünməyə əsas verir ki, “Gürcü arzusu” koalisiyasının qorxuları heç də əsassız deyil.
DOSTLARINLA PAYLAŞ: