Gürcüstan sərhəddə yenidən qoşun yığır
07 Mart 2009 Şənbə 15:10
Cənubi Osetiyanın Qrom kəndi yaxınlığında Gürcüstan hərbi birləşmələrinin cəmləşməsi müşahidə olunur. APA-nın məlumatına görə, kənd sakinləri əraziyə ən azı 20 zirehli texnika və 50 xüsusi təyinatlı qüvvənin gətirildiyini qeyd edirlər.
Sakinlər bununla bağlı tanınmamış respublikanın prezidentinin insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi David Sanakoyevə müraciət ediblər. Faktı araşdıran Sanakoyev “İnterfaks”a açıqlamasında əraziyə Gürcüstan hərbi birləşmələrinin cəmləşməsi faktını təsdiqləyib. İlkin məlumata görə, Gürcüstan tərəfi hərbi texnika və canlı qüvvəni Adevi gürcü kəndi istiqamətində cəmləşdirir. Artıq tanınmamış respublikanın nümayəndələri bununla bağlı Avropa İttifaqının Gürcüstandakı missiyasına məlumat veriblər. Missiyanın üzvü Matias Van Loxeyzen vəziyyəti araşdıracağına və gərginliyin aradan qaldırılması üçün tədbirlər görəcəyinə söz verib.
Qeyd edək ki, bundan əvvəl tanınmamış respublikanın “prezidenti” Eduard Kokoyta avropalı müşahidəçilərin fəaliyyətindən narazılığını ifadə etmişdi. Onun sözlərinə görə, missiya üzvləri gürcülərin sərhəd bölgəsində yeni atəş nöqtələrinin yaratmasına göz yumurlar: “Hazırda avropalı müşahidəçilik cavabdeh olduğu zonada gürcülərin 35 silahlı postu var. Ümumilikdə sərhədyanı bölgədə 2,500 gürcü silahlısı dislokasiya olunub”.
DOSTLARINLA PAYLAŞ: