Gürcüstan ruslara viza verməyi dayandırıb
17 Avqust 2011 Çərşənbə 20:58
Buna səbəb kimi Gürcüstanın Moskvadakı konsulluğunun elektrik enerji təminatının dayandırılması göstərilir
İsveçrənin Rusiyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Gürcüstanın maraqları seksiyasının konsul xidmətinin elektrik enerji ilə təminatı bu gün gündüz saatlarından dayandırılıb. ANS PRESS «RİA Novosti»yə istinadən bildirir ki, bu barədə konsul xidmətinin əməkdaşı Zurab Axalbedaşvili bildirib. Onun sözlərinə görə, elektrik kəsildiyindən Rusiya vətəndaşlarına viza verilməsi qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
Qeyd edək ki, Gürcüstan konsulluğunda elektrikin kəsilməsi tez-tez baş verir. Məsələn, eyni səbəbdən konsulluq avqustun 4-dən 8-ə kimi işləməyib.
Elektrik enerjinin verilməsi Gürcüstan maraqları seksiyasının yerləşdiyi binanın sahibi olan "Rus İnvest Proekt" QSC tərəfindən kəsilib. QSC təmsilçiləri bildirir ki, Gürcüstan tərəfi 2008-ci ildən kommunal xərclərin haqqını ödəmir.
DOSTLARINLA PAYLAŞ: