Gürcüstan Rusiyanı ÜTT-yə buraxmadı
10 Oktyabr 2011 Bazar Ertəsi 11:43
Cenevrədə keçirilən danışıqlar iflasa uğrayıb.
Rusiya Ümumdünya Ticarət Təşkilatına buraxılmayacaq. Cenevrədə keçirilən danışıqlar nəticəsiz başa çatıb.

Gürcüstan bəyan edib ki, Abxaziya və Cənubi Osetiya münaqişəsində mövcud olan qeyri-müəyyənliklə əlaqədar Rusiyanın bu təşkilata daxil olmasına imkan verməyəcək.

“Danışıqlar sona çatıb, demək olar ki, danışıqlar iflasa uğradı. Heç bir nəticə əldə etmək mümkün olmadı. Rusiya tərəfi əvvəlki kimi Gürcüstana Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstan-Rusiya sərhəd məntəqələrinə yüklərin hərəkəti ilə bağlı tam informasiya verməkdən imtina edir”,- deyə Gürcüstan xarici işlər nazirinin müavini Serqey Kapanadze bildirib.

Gürcüstanlı diplomat əlavə edib ki, Kreml işğal edilmiş ərazilərdə ticarət əlaqələri ilə bağlı mövqeyini dəyişməyənədək, Gürcüstan Rusiyanın ÜTT-yə daxil olmasına razılıq verə bilməz.

Qeyd edək ki, hələlik Rusiya Xarici İşlər Nazirliyi məsələni şərh etməyib. Hazırda Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr mövcud deyil, tərəflər arasında vasitəçi rolunda İsveçrə çıxış edir.

Xatırladaq ki, Rusiya 1993-cü ildən Ümumdünya Ticarət Təşkilatına daxil olmağa çalışır. Şimal ölkəsinin təşkilata daxil olmasına 153 ölkənin razılığı lazımdır. Bu yolda əsas maneə ABŞ, Avropa Birliyi və Gürcüstanın mövqeyi idi. İlk iki tərəf ilə məsələ ötən ilin sonunda öz həllini tapa bildi, həmin vaxt Rusiya maliyyə naziri Aleksey Kudrin bildirmişdi ki, ölkəsi 2011-ci ilin yayın sonuna təşkilata daxil ola biləcək. Məlum olduğu kimi indi A. Kudrin nazir deyil və onun proqnozu da özünü doğrultmadı, ÜTT-yə gəldikdə isə hələ də Rusiya üçün əlçatmaz zirvə olaraq qalır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar