Gürcüstan - Rusiya müharibəsindən 2 il ötür
08 Avqust 2010 Bazar 16:00
M.Saakaşvili: "Torpaqlarımızın azadlığı üçün hər gün mübarizə aparmalıyıq".
Bu gün Gürcüstan-Rusiya müharibəsindən 2 il ötür. Gürcüstanda 2008-ci il avqust hadisələri ilə bağlı bir sıra tədbirlər keçirilib. Müdafiə naziri Baço Axalaya paytaxt Tiflisdə Rusiya ilə 5 gün davam edən silahlı münaqişə zamanı həlak olan əsgərlərin anma mərasimində iştirak edib. Daha sonra jurnalistlər qarşısında çıxış edən müdafiə naziri Gürcüstan xalqının qısa müddət davam edən müharibə zamanı həlak olan əsgərləri unutmayacağını deyib. “Mən yenə də bildirmək istəyirəm ki, hökumət və silahlı qüvvələr onların xatirlərinin unudulmaması və onların işlərinin davam etdirilməsi üçün əllərindən gələni edəcək”, - deyə o vurğulayıb.

Ölkə prezidenti Mixail Saakaşvili isə ciddi siyasi bəyanatlar verməklə yadda qalıb. Kolumbiya paytaxtı Boqotada bu ölkənin yeni prezidentinin inaqurasiya mərasimində iştirak edən Saakaşvili torpaqlarının azadlığı üçün hər gün mübarizə aparmasının xalqının əsas vəzifəsi olduğunu deyib: “Bizim torpaqlarımızın azadlığı üçün hər gün mübarizə aparmağımız həlak olan oğlanlırımız qarşısında borcumuzdur. Bu mübarizə həm ölkə daxilində, həm də onun sərhədlərindən kənarda davam etdirilməlidir. Bizim düşmənin Gürcüstan ərazisində olduğu, Gürcüstan torpağı işğal olduğu zaman və Gürcüstan tam azad olmadığı zaman sakit durmağa haqqımız yoxdur. Bizim və bu günkü nəslin tarixi vəzifəsi Gürcüstanın azad edilməsinədək bu işi davam etdirməkdir”.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda 2008-ci ilin avqust hadisələrinə görə ABŞ-ı günahlandırıb. Xarici siyasət idarəsinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar Gürcüstana yüngül və atıcı silahlar çatdırmaqla ATƏT-in 2000-ci il yüngül və atıcı silahlar haqda sənədininin tələblərini pozub. Qeyd edək ki, Amerika Gürcüstana 2008-ci ildə 18400 ədəd atıcı silah və 40 ədəd ağır pulemyot silahları göndərmişdi. 5 gün davam edən müharibə nəticəsində Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti tam itirdi. Fransa prezidenti Nikolya Sarkozinin vasitəçiliyi ilə əldə edilmiş razılığa əsasən tərəflər qoşunları münaqişədən öncəki mövqelərə geri çəkməyə razılaşdılar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar