Gürcüstan Rusiya ilə sərhədi açır
16 Noyabr 2009 Bazar Ertəsi 12:35
Keçən həftə sonu Gürcüstan hökuməti Rusiya ilə sərhəddə yerləşən “Yuxarı Lars” nəzarət keçid məntəqəsini açmaq barədə qərar verib.
Keçən həftə sonu Gürcüstan hökuməti Rusiya ilə sərhəddə yerləşən “Yuxarı Lars” nəzarət keçid məntəqəsini açmaq barədə qərar verib. Bu barədə qərar noyabrın 13-də Gürcüstan Milli Təhükəsizlik Şurasının iclasında qəbul edilib. İclasda Gürcüstan prezidenti Mixail Saakaşvili, hökumət üzvləri, həmçinin müxalifət nümayəndələri iştirak edib.
Müzakirələr zamanı Saakaşvili bildirib ki, nəqliyyatın bərpası Gürcüstanın tranzit regionlarının gəlirlərini artıracaq, Gürcüstan öz tranzit statusunu, region ölkəsi kimi əhəmiyyətini və potensialını itirməməlidir. Ən əsası isə Gürcüstan bu yolla öz mallarını Rusiya ərazisi ilə üçüncü ölkələrə daşımaq imkanı qazanacaq.
Gürcüstanın Təhlükəsizlik Şurasının katibi Eka Tkeşelaşvili isə iclas bitəndən sonra bildirib ki, "Yuxarı Lars” nəzarət keçid məntəqəsinin açılması Gürcüstan üçün təhlükə törətmir. “Gürcüstanın və Ermənistanın maraqlarının müdafiəsinə çalışırıq. Bu danışıqlarda aparıcı rolu Xarici İşlər Nazirliyi oynayıb. Deyə bilərəm ki, Larsın açılışı təhlükə yaratmayacaq, əksinə bu addım iqtisadi və sosial nöqteyi nəzərdən məqsəduyğundur”, deyə Tkeşelaşvili bəyan edib.
Qeyd edək ki, bu keçid məntəqəsinin açılmasını çoxdan idi ki, Ermənistan istəyirdi. Ermənistan bu yol bağlananadak xarici mlların 30 faizini bu yolla gətirirdi.
Xatırladaq ki, "Yuxarı Lars” ilk dəfə 2004-cü ildə sentyabrın 1-də Beslanda məlum hadisələrdən sonra bağlanb və həmin ilin oktyabr ayında açılıb. İkinci dəfə isə 2006-ci il iyulun 7-dən 8-ə keçən gecə Tiflisdə rus zabitlərinin kəşfiyyatda ittiham edilərək həbs edilməsindən sonra bağlanıb. O vaxt Rusiya Gürcüstan mallarının daşınmasını qadağan edib və yeni terminalın tikintisini əsas gətirərək “Yuxarı Lars” məntəqəsini bağlayıb.
2008-ci ildə isə Gürcüstan Xarici İşlər Nazirliyi Moskvadan tikinti işlərinin bitməsi və gündə 400 maşının keçə biləcəyi keçid terminalının açılması barədə məlumat alıb. Gürcüstan Xarici İşlər Nazirliyi İsveçrənin vasitəçiliyi ilə Cenevrədə keçid məntəqəsinin açılması ilə bağlı danışıqlar tələb etsə də, Moskva bundan imtina edib.
Bu ilin oktyabr ayının sonunda isə Rusiya Sərhəd Komitəsinin mətbuat xidməti bildirib ki, Moskva və Tiflis “Yuxarı-Lars-Kazbeq” nəzarət keçid məntəqəsində işlərin tezliklə bərpasında maraqlı olduqlarını bildiriblər. Mətbuat xidmətinin məlumatına görə, Rusiya və Gürcüstan ekspertlərinin bu məsələ ilə bağlı işgüzar görüşü Avropada olub.
"Kommersant" qəzetinin yazdığına görə, bu payız Rusiya, Gürcüstan və Ermənistan arasında sərhəd keçidinin açılması ilə bağlı danışıqlar başlanıb. Gürcüstan Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, danışıqlar nəticəsində İrəvan bir neçə prinsipial məsələ ilə bağlı razılıq əldə edə bilib. Birincisi, keçid məntəqəsindən ilk olaraq yük maşınları keçəcək. Bundan başqa, Tiflis avtomobil nəqliyyatına icazə verilməsi əvəzində Rusiyaya Gürcüstan kənd təssərrüfatı məhsullarının, şərab və “Borjomi”nin daşınmasına olan qadağanın götürülməsi ilə bağlı təklifini geri götürürüb. Amma Gürcüstan hakimiyyəti bəyan edib ki, Moskva yenidən sərhəddən terrorçuların keçməsi ilə bağlı “informasiya hücumu”na başlayarsa, "Yuxarı Lars"ı yenidən bağlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: