Gürcüstan prezidenti Mixail Saakaşvili müxalifətlə danışıqlara razılıq verib. ANS PRESS "Qruziya Online" portalına istinadən xəbər verir ki, görüş bu gün yerli vaxtla saat 14:00-da baş tutumalıdır.
"Milli forum" partiyasının nümayəndəsi İrakli Melaşvilinin sözlərinə görə, görüş Daxili İşlər Nazirliyinin Tiflisdəki yeni binasında keçiriləcək. "İnterfaks" agentliyinin məlumatına görə, görüşdə müxalifət liderləri Salome Zurabişvili, İrakli Alasaniya, Levan Qaçeçiladze və Kaxa Şartava iştirak edəcəklər.
Qeyd edək ki, mayın 9-da Tiflisdə 20 minə yaxın insanın iştirakı ilə növbəti mitinq keçirilib. Müxalifət prezident Mixail Saakaşvilidən bir sutka ərzində danışıqlara başlamaq haqqında qərar verməsini tələb edib.
Xatırladaq ki, gürcü müxalifəti M.Saakaşvilinin istefası tələbi ilə etiraz aksiyalarına aprelin 9-da başlayıb. /ANS PRESS/