Gürcüstan parlamentinin sədri Marneuliyə səfər edib
18 Fevral 2012 Şənbə 15:51
Bu gün Gürcüstan parlamentinin sədri David Bakradze azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlament sədri şəhər parkında azərbaycanlı və gürcü müəllimlər və yaxın kəndlərdən gələn kənd sakinləri ilə görüşüb.
D.Bakradze sakinlər qarşısında çıxış edərək son 8 ildə Gürcüstanın iqtisadi cəhətdən getdikcə gücləndiyini və ölkədə, o cümlədən azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsində, Marneuli və Rustavi şəhərlərində yeni-yeni layihələrin həyata keçirildiyini bildirib. Vətəndaşların suallarını cavablandıran parlament sədri səhiyyə və sosial yardım sahələrindəki yeniliklər barədə ətraflı məlumat verib. Görüşdə spikerə torpaqların özəlləşdirilməsi, təhsil, dərsliklər və işsizlik barədə də suallar verilib. D.Bakradze qeyd edib ki, azərbaycanlı və gürcü əhalisinin problemləri tədricən həll olunur: “Gürcüstanda indən belə hamı - 5 yaşınadək uşaqlar, 60-65 yaşlı insanlar da daxil olmaqla dövlət hesabına tibbi sığorta ilə təmin olunacaq. Belə bir şikayətlər də var ki, bu sığorta ilə xəstəxanalarda həkimlər xəstə insanlara yüksək səviyyədə xidmət etmirlər. Biz bu məsələni də həll etmişik, buna nəzarət etmək üçün xüsusi xidmət yaratmışıq. Əgər xəstədən bu xidmətə narazılıq daxil olarsa, həmin sığorta şirkəti cərimə olunacaq və xəstəyə dəyən zərər hesablanıb xəstənin hesabına köçürüləcək. Biz bu yenilik barədə televiziyada reklamlar yerləşdirəcəyik ki, hamının məlumatı olsun. Biz dövlət olaraq sığorta şirkətlərinə hər il 500 mln lari vəsait ayırırıq ki, sizə xidmət etsin. İndi Gürcüstan hökuməti sosial yardımlar barədə də yeniliklər həyata keçirir. Əgər sosial agent bir kəndə gəlib soyuducunu boş görərsə, o, həmin ailə üçün sosial yardım ayırmaq barədə sənəd yazır. Belə sənədi kənd icra nümayəndələri də verə bilərlər. Biz onlara tam ixtiyar vermişik ki, yoxsul yaşayan əhaliyə lazım olan sosial yardım barədə Sosial Yardım Nazirliyinə rəsmi şəkildə müraciət etsinlər”.
D.Bakradze işsizlik probleminə də münasibət bildirib: “Bu problem birdən-birə həll oluna bilməz. 8 il bundan əvvəl baş verən inqilab da belə məsələlərin ucbatından baş verdi. Sovetlər dağıldıqdan sonra demək olar ki, Gürcüstanda heç bir zavod, fabrik qalmadı. Hissə-hissə satıldı və yaxud oğurlandı. İndi addım-addım inkişaf gedir. 30 min əhalinin işlədiyi böyük yol layihələri həyata keçirilir. Su təminatı layihələrində 35 min insan çalışır. Tezliklə biz Gürcüstanda 15 hidroelektrik stansiyası tikməyə başlayacağıq, bu tikintilərdə 15 min mütəxəssis və fəhlə çalışacaq. Harada hansısa layihə həyata keçirilirsə, tələb edirik ki, ilk növbədə yerli əhali işlə təmin olunmalıdır. Biz faktiki olaraq sıfırdan başlamışıq və bütün bu problemlər tədriclə həll olunacaq”.
Görüşdə Gürcüstanda yaşayan və Yunanıstana köçüb gedən yunanların problemləri barədə də parlament sədrinə məlumat verilib. Marneulidə yeni açılan “Gürcü dili Mərkəzi”nə baş çəkən spiker burada gürcü və Azərbaycan məktəblərindən gələn müəllimlərlə görüşüb, dərsliklərin vəziyyəti ilə maraqlanıb.
Tədbirdən sonra Azərbaycan jurnalistlərinə açıqlama verən D.Bakradze bu il Marneulidə böyük layihələr həyata keçirildiyini bildirib: “Biz bu il Marneulidə illərlə əhalini narahat edən içməli su təminatı məsələsini həll edəcəyik. Rayonda qazlaşdırma sona çatır. Tezliklə Tiflis-Rustavi avtomobil magistralı yenidən bərpa olunacaq. Bugünkü görüşdə məqsədimiz yerlərdə görülən işləri əhali ilə birlikdə müzakirə etmək və vətəndaşlarımızın daha yaxşı yaşaması üçün şərait yaratmaqdan ibarətdir”.
Görüşdə Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Marneuli rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze və digər rəsmilər iştirak edib.
DOSTLARINLA PAYLAŞ: