Gürcüstan parlamenti Xocalı soyqırımına münasibət bildirəcək
24 Fevral 2013 Bazar 19:09
Deputat Azər Süleymanovun sözlərinə görə, artıq bununla bağlı müraciət olunub.
Tiflisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı qətliamının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumatagörə, muzeyin direktoru Leyla Əliyeva Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verilməsinin vacibliyini qeyd edib, o vaxtacan heç bir azərbaycanlının, o cümlədən Gürcüstanda yaşayan həmvətənlərimizin təbliğat kampaniyasından kənarda qalmağa haqqı olmadığını vurğulayıb. Deputat Gürcüstan parlamentinin Xocalı soyqırımına münasibət bildirməsi üçün müraciət olunduğunu deyib və gələcəkdə bu yöndə işin fəallaşdırılacağını vurğulayıb.
İştirakçılara Xocalı soyqırımından bəhs edən foto və kitablar nümayiş olunub.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı qətliamı” filmi nümayiş etdirilib.
DOSTLARINLA PAYLAŞ: