Gürcüstan müxalifəti aprelin 14-də saat 17.00-da “qalstuk aksiyası” təşkil etməyi qərara alıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Mühafizəkarlar Partiyasının liderlərindən olan Kaxa Kukava prezidentin Avlabar iqamətgahının qarşısında səhərə qədər davam edən mitinqdə bəyan edib ki, hər aksiya iştirakçısı özü ilə bir qalstuk gətirib iqamətgahın dəmir hasarına bağlayaraq niyyət edəcək: "Mən bilirəm ki, hər kəsin eyni niyyəti olacaq". Mühafizəkarların lideri Zviad Dzidziquri iqamətgahın qarşısında hər gün informasiya xarakterli mitinq olacağını açıqlayıb. O bildirib ki, M. Saakaşvilinin 2013-cü ilə qədər hakimiyyətdə qalması utopiyadır. “Gürcüstan naminə alyans”ın lideri İrakli Alasaniya hamını sakitliyə çağırıb: "Biz prezidentə öz təklifimizi göndərdik. Lakin o, bizə cavab vermədi. İndi biz onun iqamətgahına gəlmişik ki, bizim tələblərimizi eşidə bilsin".
Prezident Mixail Saakaşvili isə jurnalistlərə açıqlamasında deyib ki, onun istefasını tələb edənlər ölkədə gedən islahatlar nəticəsində işsiz qalan vətəndaşlardır və belələrinin sayı 250 min nəfərdir: "Korrupsiya və kriminalla mübarizə zamanı biz minlərlə adamı həbs etdik. İndi həbsdə olan bu adamların qohumları küçələrə çıxaraq mənim istefamı tələb edirlər".
APA