Bu gün Bakı vaxtı ilə saat 16.00-da Gürcüstan müxalifətinin mitinqi bərpa olunub. İlk söz alan müxalifət lideri İrakli Batiaşvili bildirib ki, hakimiyyət müxalifətin aksiyalardan yorulacağı və beləliklə də etirazlara son verəcəyini düşünür. Bunun yanlış düşüncə olduğunu qeyd edən müxalifət lideri, Tiflisdə yalnız mitinqlərin yox, ümummilli etimadsızlıq prosesinin getdiyini bildirib.
Aksiya başlayan zaman meydanda ümumilikdə 5 min nəfər olub. Buna görə də müxalifət liderləri tərəfdarlarına müraciət edərək heç olmasa bir saatlığa meydana gəlməyə çağırıblar. Onlar insanları əmin etməyə çalışıblar ki, dövlət strukturlarının qarşısında hər hansı piket və ya hücum olmayacaq. Yalnız parlamentin qarşısındakı meydanda dayanaraq tələblərini irəli sürəcəklər.
Sabah isə etiraz aksiyalarına ara veriləcək. Bu haqda müxalifət liderlərinin Mariot otelində keçirilən görüşündən sonra «Gürcüstanın yolu» partiyasının lideri Salome Zurabişvili məlumat verib. O, mitinqlərin təxirə salınmasının sabahkı dini bayramla bağlı olduğunu deyib. Bazar ertəsindən isə etiraz aksiyaları yenidən bərpa olunacaq. /ANS TV/