Gürcüstan hökuməti istefaya getdi
11 Oktyabr 2012 Cümə Axşamı 02:50
Prezident Mixail Saakaşvili Nazirlər Kabinetinin istefasını qəbul edib.
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə hökumətinin istefasını qəbul edib. ANS PRESS xəbər verir ki, bu barədə məlumat gecə saatlarında Gürcüstan prezidentinin internet saytına yerləşdirilib. Məlumatda deyilir ki, Mixail Saakaşvili hökumətin istefasının qəbul edilməsi ilə bağlı sərəncam imzalayıb. Eyni sərəncamla hökumətin mövcud tərkibinə yeni hökumət formalaşdırılanadək səlahiyyətlərin icrasının davam etdirilməsi tapşırılıb. Hökumətin yeni tərkibi Konstitusiyada nəzərdə tutulmuş müddətdə parlamentə təqdim edilməlidir.

Xatırladaq ki, Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı oktyabrın 1-də keçirilən parlament seçkilərində məğlub olub və 150 yerlik parlamentdə 67 yer qazanıb. Milyonçu Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” koalisiyası isə yeni parlamentdə 83 mandat əldə edib. Seçkilərdə iştirak edən digər siyasi partiyalar parlamentə düşmək üçün 5 faizlik həddi aşa bilməyiblər.

Bazar ertəsi Bidzina İvanişvili Nazirlər Kabinetinin yeni tərkibinin siyahsını açıqlayıb. Siyahının oktyabrın 20-21-də parlamentin ilk iclasında təsdiqlənəcəyi gözlənilir. O vaxtadək isə hazırkı Nazirlər Kabineti qalib koalisiyanın nəzarəti altında səlahiyyətlərinin icrasını davam etdirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar