Gürcüstan Ermənistana silah daşınmasını dayandırır
20 Aprel 2011 Çərşənbə 02:19
Gürcüstan parlamenti Rusiya ilə hərbi yüklərin daşınması ilə bağlı müqavilənin qüvvədən düşməsi barədə qərar qəbul edib
Gürcüstan parlamenti Rusiya ilə hərbi yük və heyətin ölkə ərazisindən daşınması ilə bağlı 31 mart 2006-cı ildə bağlanmış müqavilənin qüvvədən düşməsi barədə qərar qəbul edib. Qərarın lehinə 84 deputat yekdilliklə səs verib. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze parlamentdəki çıxışında deyib ki, Rksiyanın hərbi təcavüzündən sonra Gürcüstan hökuməti bu ölkə ilə hərbi yüklərin tranziti barədə müqaviləni pozmaq qərarına gəlib. Nazir müavini bildirib ki, Rusiya son illər bu müqavilədən istifadə etmirmiş: “Rusiya sonuncu dəfə bu məsələ ilə bağlı Gürcüstanda 2008-ci ilin iyununda müraciət edib. Lakin imtina cavab aldıqdan sonra bir daha müraciət olmayıb”. Müqavilənin müddəti bu ilin noyabrında bitməliydi.
Qeyd edək ki, Rusiya hərbi texnikasının Gürcüstan ərazisi ilə tranziti Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasına hərbi yüklərin daşınmasını nəzərdə tuturdu.
Gürcüstan parlamentinin bu qərarı Ermənistanda və Gürcüstandakı ermənimeylli qüvvələrin narahatlığına səbəb olub. Gürcüstanlı ekspert Paata Zakareişvilinin fikrincə, bu qərar bölgədəki vəziyyəti gərginləşdirəcək. O hesab edir ki, Gürcüstan parlamentinin bu barədə qərar qəbul etməsinin mümkün səbəblərindən biri də Azərbaycanla münasibətlərin yaxşılaşması ola bilər. Bununla belə, Paata Zakareişvili hesab edir ki, Rusiya təzyiq rıçaqlarına malikdir və Azərbaycan baş verə biləcək hadisələri qabancadan bilməlidir.
DOSTLARINLA PAYLAŞ: