Gürcüstanın “Axali taoba” qəzeti yazır ki, ölkədə yaşayan ermənilər Ermənistan hökumətinə məktub göndərərək “gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılardan müdafiə” olunmalarını xahiş ediblər. ANS PRESS-in “Qruzia Onlayn”a istinadən verdiyi xəbərə görə, məktub Kvemo-Kartlidə yaşayan erməni əhalisinin bir hissəsi tərəfindən yazılıb.
Gürcüstan prezidentinin müşaviri Van Bayburt məktubun məzmunu ilə tanış olduğunu və orada yazılanların hamısının yalan olduğunu bildirib.
Onun sözlərinə görə, məktubda Samtsxe-Cavaxk-Tsalka regionu xatırladılıb. Bu, onu göstərir ki, məktub müəllifləri tarixi saxtalaşdırmaqdan səvayı coğrafiyanı da saxtalaşdırmağa başlayıblar.
Van Bayburt qeyd edib ki, bu termindən Rusiya tərəfindən maliyyələşən yalnız bir təşkilat istifadə edir – “Birləşmiş Cavaxk” və bu, məktubun hansı məqsədlərə xidmət etdiyini açıq-aşkar göstərir.
O həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər arasında hansısa qarşıdurmanın baş verməsi faktını təkzib edib. Tsalki məsələsinə gəldikdə isə Van Bayburt Ermənistan tərəfinin bu əraziyə iddia göstərməsi mümkünlüyünü istisna edib, çünki onun sözlərinə görə, rəsmi İrəvan vəziyyəti yaxşı başa düşür və bu mövzu heç vaxt aktual ola bilməz. /ANS PRESS/