Gül Obama və Klintona təşəkkür edib
23 Dekabr 2010 Cümə Axşamı 22:00
"İkitərəfli münasibətlərimizə zərər vurulmasının qarşısı alındı"
Türkiyə prezidenti Abdulla Gül ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin plenar iclasında qondarma "erməni soyqırımı"nın gündəliyə salınmamasına görə Birləşmiş Ştatlar prezidenti Barak Obama və ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintona minnətdarlığını ifadə edib. Abdulla Gül İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlət başçılarının XXI Zirvə Görüşündən sonra keçirilən brifinqdə bunları deyib: “Başda ABŞ prezidenti Barak Obama olmaqla, dövlət departamentinin rəhbəri xanım Hillari Klinton və digər şəxslər qondarma "erməni soyqırımı"nın gündəliyə salınmaması ilə bağlı əllərindən gələni etdilər. Bu baxımdan onları təqdir edirik. Çünki Türkiyə-Amerika münasibətlərinə tamamilə əlaqəsi olmayan məsələyə görə zərər vurulmasının qarşısı alındı. İkitərəfli münasibətlərə dövlət başçısı Barak Obama və bizim nə qədər önəm verdiyimiz hamıya yaxşı məlumdur. Təkcə ikitərəfli deyil, eləcə də regional və beynəlxalq məsələlərdə yaxın əməkdaşlıq əlaqələrinə malikik".
Türkiyə prezidentinin sözlərinə görə, bu məsələ bütün bu əlaqələri alt-üst edə bilərdi: "Beləliklə də, bütün bunlar nəzərə alındı və qondarma soyqırımın gündəliyə salınmaması ilə bağlı böyük səylər öz nəticəsini verdi".
DOSTLARINLA PAYLAŞ: