Gözlənilən sövdələşmə nəhayət baş tutdu
09 Sentyabr 2013 Bazar Ertəsi 19:36
Çinlə Qazaxıstan arasında Xəzərdəki nəhəng Kaşağan yatağının işlənməsi ilə bağlı saziş imzalanıb.
Çin və Qazaxıstan arasında uzun müddətdir gözlənilən sövdələşmə nəhayət baş tutub. Çin lideri Si Zin Pinin Qazaxıstana səfəri zamanı Xəzərdəki nəhəng Kaşağan yatağının işlənməsi ilə bağlı saziş imzalanıb.
Qazaxıstanın yerli televiziyalarının məlumatına görə, Rəsmi Pekin və Astana arasında ümumi dəyəri 30 milyard dollardan artıq olan 20 sənəd imzalanıb. Bu razılaşmalar arasında əsas yeri Xəzərdəki nəhəng Kaşağan neft yatağının işlənməsi ilə bağlı saziş tutur. Çinin Milli Neft Korporasiyası bu yatağın işlənməsi layihəsində Qazaxıstanın dövlət şirkəti olan “Kaz Munay Qaz”-ın 16.81%-lik payının yarısını, yəni 8.4%-ini 5 milyard dollara alıb.
Qazaxıstanın ən böyük neft-qaz yatağı olan Kaşağanın ümumi neft ehtiyatları 6 milyard ton, təbii qaz ehtiyatı 1 trilyon kub metr həcmində qiymətləndirilir. Yatağın işlənmə xərcləri artıq 116 milyard dolları keçib.
Layihədə digər payçılar "Eni", "Total", "Exxon Mobile", "Royal Dutch Shell", "İnpex" və Qazaxıstanın “Kaz Munay Qaz” şirkətləridir. Konsorsium qalan 8.4% səhmləri də satacaq. Bu hissəyə iddialılar arasında Hindistanın bir şirkətinin və Rusiya "Lukoyl"unun adı hallanır. Amma ekspertlər hesab edirlər ki, Rusiya şirkətləri Kaşağana o qədər də maraq göstərmir. Buna səbəb isə Rusiyanın özünün Xəzərdə işlənməli olan kifayət qədər yatağının olmasıdır. Bunun üçün isə kifayət qədər böyük investisiyalar tələb olunur. Əvəzində Rusiya Kaşağan yatağından başqa cür - burdan çıxan neftin öz kəmərləri ilə nəqli vasitəsi ilə faydalana bilər.
DOSTLARINLA PAYLAŞ: