Futboldan danışan din xadimi işdən çıxarıldı
24 Dekabr 2010 Cümə 02:45
Hadisəyə etiraz edən yerlilər, din xadimi vəzifəsinə qaytarılana qədər namazlarını başqa məscidlərdə qılacaqlarını bildiriblər
Türkiyənin Trabzon şəhərindəki məscidlərdən birində moizə oxuduğu vaxt futboldan danışan din xadimi işdən çıxarılıb. Trabzon müftisi Veysəl Çakı “Trabzonspor” fanatı olan yaşlı din xadiminin məscid qaydalarına uyğun olmayan hərəkətə yol verdiyini bildirib. ““Trabzonspor”a dua etmək olar, uğur da arzulamaq olar. Amma onun hərəkəti məsciddə riayət edilməli ədəb qaydalarına ziddir”.
Qeyd edək ki, din xadimi Ömər Oskay Trabzon “Sarılar” məscidində moizə oxuduğu vaxt möminlərdən birinin “Trabzonun (Trabzonsporun) vəziyyəti necə olacaq?” sualına, “Necə olacaq, sürətlə gəlirik. Hər tərəf qaynayır. Mən bu axşam futbola gedirəm, istəyən gəlsin. Bizim üçün hər yer Trabzondur” – deyə cavab verib.
Tutduğu vəzifədən çıxarılan din xadimi özünü müdafiə edərək peşman olmadığını, məscidlərin sadəcə dini mövzuların müzakirə olunduğu yerlər olmadığını deyib.
Yerli camaat isə Ömər Oskayın vəzifədən çıxarılmasına etiraz edib. Onlar, din xadimi vəzifəsinə qaytarılana qədər namazlarını başqa məscidlərdə qılacaqlarını bildiriblər.
DOSTLARINLA PAYLAŞ: