FTX çeçen mücahidlərinin liderlərindən birini həbs edib
09 İyun 2010 Çərşənbə 21:15
Əli Taziev İnquşetiya prezidentinə qarşı sui-qəsddə şübhəli bilinir.
İnquşetiya prezidentinə qarşı sui-qəsddə şübhəli bilinən silahlı şəxs yaxalanıb. Rusiya mətbuatının yaydığı məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı “Maqas” ləqəbli Əli Taziev yaxalanıb.
Onun çeçen mücahidlərinin liderlərindən biri Doku Umarovun başçılıq etdiyi “Qafqaz əmirliyi” qruplaşmasının rəhbərlərindən biri olduğu da deyilir. Rusiya prezidenti Dmitri Medvedevə məruzə edən FTX direktoru Aleksandr Bortnikov əməliyyatın uğurlu keçdiyini bildirib. Öz növbəsində Rusiya prezidenti silahlı şəxsin digər cinayətlərdə əli olub olmamasının araşdırılması haqda göstəriş verib.
Qeyd edək ki, Əli Taziev ötən il İnquşetiya prezidenti Yunusbek Yevkurova qarşı baş vermiş sui-qəsddə ittiham edilir. Bundan əlavə, Felderal Təhlükəsizlik Xidməti direktorunun sözlərinə görə, Tazievin 2004-cü ildə Nazranda və Stavropolda baş vermiş avtobus partlayışlarında da əli var. Onun ötən il Nazranda milis idarəsinə təşkil olunmuş partlayışlarda da iştirak etdiyi güman olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: