Fransuz Olland Fransanın yeni prezidenti seçilib
07 May 2012 Bazar Ertəsi 02:15
Fransada prezident seçkilərinin ikinci turunun ilkin nəticələri bəlli olub. APA-nın xəbərinə görə, seçkilərin nəticələrinə görə, Fransanın yeni prezidenti 52 faiz səslə sosialistlərin namizədi Fransuz Olland olub.
Onun rəqibi olan sağ mərkəzçilərin namizədi Nikola Sarkozi isə 48 faiz səslə məğlubiyyətə uğrayıb.
Xəbər yayıldıqdan dərhal sonra sosialistlər qələbə şənliklərini keçirmək üçün Bastiliya Meydanına axışıblar.
Qeyd edək ki, Fransuz Olland 1954-cü ildə Fransanın Rouen şəhərində doğulub, siyasi elmlər üzrə təhsil alıb.
O, 1979-cu ildə Sosialist Partiyasına üzv olub, 1997-2008-ci illərdə isə bu partiyanın sədrinin birinci müavini kimi fəaliyyət göstərib.
1988-93, 1997-ci illərdə millət vəkili, 2001-2008-ci illərdə isə Tulledə bələdiyyə başqanı seçilib.
Olland ötən il partiyasının prezidentliyə namizədinin müəyyənləşməsi üçün keçirilən seçkilərdə qalib gələrək, Fransa prezidenti vəzifəsi uğrunda mübarizəyə qoşulub.
Bu il aprelin 23-də keçirilən prezident seçkilərinin birinci turunda səslərin 28,63 faizini alaraq, ilk turun qalibi olub.
Olland seçki platformasında Fransada istehsal, vergi sistemi və təhsil məsələlərinin həlli ilə bağlı proqramların həyata keçirməsinin prioritet olacağını açıqlayıb.
Fransa mediasının F. Ollandın şəxsi həyatı ilə bağlı yazdığına görə, gənc yaşlarlında tanıdığı siyasətçi Segolen Royal ilə rəsmiləşməyən evliliyindən 4 uşağı var. 2010-cu ildən bəri isə Olland jurnalist Valeriya Trierveiler ilə birlikdədir.
DOSTLARINLA PAYLAŞ: