Fransanın sabiq ədliyyə naziri Raşida Dati: ““Erməni soyqırımı” ilə bağlı qanun layihəsinin müzakir
21 Dekabr 2011 Çərşənbə 17:28
Bütün dünya ölkələri kimi Fransa da öz tarixinin acı səhifələrinə malikdir.
Bakıda səfərdə olan Fransanın sabiq ədliyyə naziri, Parisin 7-ci rayonunun meri, Fransa parlamentinin və Avropa parlamentinin üzvü Raşida Dati Azərbaycan Milli Məclisində mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, o, Fransa parlamentində müzakirəyə çıxarılacaq “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi barədə danışıb. R. Dati bildirib ki, hazırda Fransada bununla bağlı qızğın müzakirələr gedir: “Biz də bilirik ki, türk dostlarımız parlamentdə müzakirəyə çıxarılacaq bu qanun layihəsindən çox narahatdırlar. Əslində belə bir qanun layihəsinin müzakirəyə çıxarılması məni də narahat edir. Tarix ilə, yaddaş ilə bağlı hansısa bir məsələni qəbul etməyən hansısa insana qarşı cəza tədbirlərinin görülməsi narahatlıq yaradır. Mən bunun tərəfdarı deyiləm. İstər ermənilərə münasibətdə olsun, istərsə də digər xalqlara və dövlətlərə”.
Raşida Datinin sözlərinə görə, qanun layihəsi ilə bağlı gərgin müzakirələr gözlənilir. Bu müzakirələr xüsusən də prezident Nikola Sarkozini dəstəkləyən partiyalardan olan deputatlar və senatorlar arasında gedəcək: “Bunun nəinki Fransada, o cümlədən beynəlxalq aləmdə doğuracağı əks-səda məni narahat edir. Hesab edirəm ki, bütün məsələlər ətrafında müzakirələr insanların cəzalandırılması deyil, onlar arasında yaxınlaşmaya xidmət etməlidir”.
Konkret olaraq özünün “erməni soyqırımı”nı tanıyıb-tanımaması ilə bağlı sualı R. Dati belə cavablandırıb: “Mən tarixçi deyiləm, bu suala tarixçilər cavab verməlidir. Ona görə də bununla bağlı heç bir şərh verə bilmərəm. Əslində bütün dünya ölkələri kimi Fransa da öz tarixinin acı səhifələrinə malikdir. Bu baxımdan onu demək istəyirəm ki, Fransa bir çox qanlı müharibələrdən keçib. Fransa onların bəzilərini tanıyıb və qəbul edib”.
Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən R. Dati bildirib ki, münaqişə sülh yolu ilə həll olunmalıdır: “İstənilən halda mən Azərbaycanın bu məsələdə tutduğu mövqeni dəstəkləyirəm”.
DOSTLARINLA PAYLAŞ: