Fransada uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbulu Azərbaycanda narazılıqla qar
22 Dekabr 2011 Cümə Axşamı 19:36
Fransa Milli Assambleyasının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi Azərbaycanda siyasətçiləri və politoloqları kəskin etiraz bildiriblər.
APA-nın məlumatına görə, Milli Məclis sədrinin müavini Bahar Muradova özünü uzun illər demokratiyanın beşiyi adlandıran bir ölkədə atılan bu addımın insanların fikir və söz azadlığını məhdudlaşdırdığını bildirib: “Fransa parlamenti Türkiyə ilə münasibətlərin gərginləşəcəyini nəzərə almadan, hansısa maraqlara uyğun olaraq belə bir qərarı qəbul edib. Bu, Fransanın Minsk Qrupunun həmsədri kimi qərəzsiz fəaliyyətini də şübhə altına qoyur.

Politoloq Vəfa Quluzadə isə APA-ya deyib ki, Fransada bu qanun layihəsinin qəbulunun gündəmə gətirilməsi seçkiqabağı kampaniya xarakterlidir: “Nikola Sarkozi olduqca zəif prezident olduğundan yarım milyona yaxın erməni mənşəli Fransa vətəndaşının səsini qazanmaq üçün bu cür biabırçı, mədəniyyətə, məntiqə və bütün normalara tamamilə zidd olan addım atmaq istəyir. Türkiyəni bu sərt mövqeyinə görə dəstəkləyirəm. Arzu edirəm ki, Azərbaycan da həmin mövqedən çıxış etsin. Çünki Azərbaycanın da Fransaya qarşı iradları çoxdur. Fransa oğurluqla, Azərbaycandan icazəsiz və xəbərsiz ATƏT-in Minsk qrupuna girib”. Politoloq qeyd edib ki, Azərbaycan Fransanın Minsk qrupundan çıxmasını tələb etməlidir: “Fransa Dağlıq Qarabağ məsələsində də antitürk siyasətini yürüdür. Fransanın “Total” şirkətini neft sazişindən çıxartmağı təklif edirəm”. V. Quluzadə Fransanın bu addımının nəticə verməyəcəyinə əminliyini vurğulayıb: “Avropa türklərin tarixi uğurlarını unutmadığına görə anti-türk addımlar atır”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər APA-ya bildirib ki, Azərbaycan birmənalı şəkildə Fransanın bu addımına etirazını ifadə etməlidir: “İlk növbədə, bu qərar elmin, tarixin, tərəqqinin və insan azadlıqlarının əleyhinə yönəlib. Digər tərəfdən, bu qərarda siyasi çalarlar açıq görünür. Bu qərar Türkiyə ilə yanaşı, Azərbaycana qarşı da yönəlib. Bu baxımdan Azərbaycan birmənalı şəkildə sərt mövqe nümayiş etdirməlidir. Azərbaycanla Türkiyənin yaratdığı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantı keçirilərək, bu qərara birgə mövqe nümayiş etdirməsi daha düzgün olardı”.

İ. Qəmbər bildirib ki, qərarın senatdan keçməsinə inanmır: “Bu qərar Fransanın xarici siyasətindəki imkanlarını zəiflədəcək. Ona görə də Fransa dövlət adamları bu qərarın qanun səviyyəsinə minməsinə imkan verməyəcəklər. Digər tərəfdən, Fransa siyasətçiləri bilməlidirlər ki, Azərbaycan siyasi xadimləri Fransada olduğu zaman bu tarixlə bağlı əsl həqiqətləri, öz fikirlərimizi bildirəcəklər. Belə çıxır ki, Fransa kütləvi şəkildə insanların obyektiv fikirlərinə görə, həbslər həyata keçirməyə məcbur olacaq. Bu o qədər absurd məsələdir ki, Fransa siyasətçiləri bu prosesdən geri çəkilməyə məcbur olacaqlar”.

Milli Məclisin deputatı Qənirə Paşayeva isə APA-ya deyib ki, Avropada soyqırımı hadisələri törədilən zaman türklər yəhudiləri öz torpaqlarında məskunlaşdırıblar: “Azərbaycan cəmiyyətində olduğu kimi, siyasi dairələrdə də Fransanın bu addımı hiddətlə qarşılanıb. Fransa parlamenti bütün türk dünyasına qarşı qərəzli adım atıb. Paris bu qərarı ilə ATƏT-in Minsk qrupundakı roluna kölgə saldı. Heç bir azərbaycanlı bundan sonra inana bilməz ki, Fransa Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşa bilər. Fransa bununla özünü tərəf kimi göstərdi”. Q. Paşayeva qeyd edib ki, Fransa bu qərarı durdurmasa, Azərbaycan-Fransa münasibətlərinə, əsasən də Minsk qrupundakı fəaliyyətinə xələl gətirəcək: “Fransa parlamentinin hərəkəti insan və söz azadlığına qarşıdır. Bu qərarın yaradacağı fəsadın məsuliyyəti Fransanın üzərinə düşəcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar