Fransada pensiya islahatları əleyhinə nümayişlər bərpa olunur
06 Noyabr 2010 Şənbə 01:55
Bu gün Fransada növbəti kütləvi etiraz aksiyaları keçiriləcək.
Fransanın bütün ərazisində pensiya islahatları əleyhinə nümayişlər bu gündən bərpa olunacaq. Lakin həmkarlar ittifaqları narazıların əvvəlki fəallığının təkrarlanacağını gözləmir.

Fransada pensiya yaşının artırılmasını nəzərdə tutan islahatlar böyük etiraz dalğasına səbəb olub. Dəmir yolu, neft emalı zavodlarının əməkdaşları iki həftədən çox tətil ediblər. Nəticədə yanacaqla bağlı ciddi problemlər yaranıb. Bununla belə, islahatlar parlamentdə müzakirəyə çıxarıldı və prezident çoxluğu mərkəzçilərin yardımı ilə qanun layihəsinin qəbuluna nail oldu. Yekun səsvermə oktyabrın 27-də keçirilib. Hazırda sənədə Konstitusiya Şurasında baxılır və qurum yekun rəyi dekabrın 2-nədək verməlidir. Konstitusiya Şurası müsbət rəy versə, sənədi prezident təsdiqləməlidir.

Sentyabrın əvvəllərindən Fransa yeddi ümumxalq etiraz aksiyası keçirilib. Polis və həmkarlar ittifaqlarının məlumatına görə, ilk altı aksiyada 1-3 milyon nəfər iştirak edib. Parlamentdəki səsvermədən sonra fəallıq azalıb: oktyabrın 28-də küçələrə 560 mindən 2 milyon nəfərədək adam çıxıb.

Həmkarlar ittifaqları növbəti aksiyanı bu günə təyin ediblər. Amma onlar rekord gözləmirlər. “Əgər desəm ki, prezidenti geri çəkilməyə məcbur edəcəyik, mənə heç kim inanmaz”-deyə Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) rəhbəri Fransua Şerek bildirib. Onun sözlərinə görə, pensiya məsələlərinin müzakirəsi get-gedə səngiyəcək. Təşkilat rəhbəri hesab edir ki, pensiya islahatlarına qanunun yekun qəbulundan sonra və 2012-ci ildə prezident seçkiləri ərəfəsindən bir daha qayıdılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar