Fransada əyləci xarab olan sürücü avtomobili Belçikada saxladı
15 Fevral 2013 Cümə 06:48
Frank Lekerfin əlillər üçün yeni dizayn edilmiş avtomobillə səyahəti benzini qurtarana qədər davam edib.
Fransanın cənubundakı Amiens şəhərində olan evindən marketə getmək üçün çıxan əlil sürücü idarə etdiyi avtomobilin əyləcinin xarab olması nəticəsində ölkə hüdudlarından kənara səyahət etməyə məcbur oldu. Məlumata görə, Frank Lekerfin əlillər üçün yeni dizayn edilmiş avtomobillə səyahəti benzini qurtarana qədər davam edib.

Qeyd edək ki, əlil sürücü saatda 90 km sürətlə avtomobili idarə etməyə başlayıb və əyləcə hər basıldığında çoxalan sürət saatda 200 km-ə çatıb. Magistral yolda sürətlə şütüyən Lekerfi telefonla köməyə çağırdığı polislər də müşayiət edib. Əvvəlcədən xəbər verilərək sərhəd buraxılış məntəqələrinin də açılması ilə sürücünün məcburi səyahəti Fransanın şimal qonşusu Belçikanın Alverinqem şəhərinə qədər davam edib.

Səyahət boyu həyatının kino kimi gözünün qarşısından keçdiyini bildirən sürücü Lekerfi “Laguna” avtomobilinin istehsalçısı olan “Renault” avtomobil korporasiyasını məhkəməyə verməyə hazırlaşır.






DOSTLARINLA PAYLAŞ:

oyunlar