Fransada
22 Mart 2012 Cümə Axşamı 15:27
Məhəmməd Mera 32 saat davam edən əməliyyat nəticəsində zərərsizləşdirilib
Fransanın Tuluza şəhərində 7 nəfərin ölümündə şübhəli bilinən ərəb əsilli Fransa vətəndaşı Məhəmməd Mera 32 saat davam edən əməliyyat nəticəsində öldürülüb. "Agence France Press" agentliyinin Tuluza polisinə istinadən verdiyi məlumata görə, polis əməkdaşları 23 yaşlı Məhəmməd Meranın gizləndiyi evə daxil olub, bir müddət atışma və partlayış səsləri gəldikdən sonra şübhəli şəxsin zərərsizləşdirildiyi bildirilib. Əməliyyat zamanı 3 polis əməkdaşı da yaralanıb.
Əməliyyatdan əvvəl yerli radiolardan birinə müsahibəsində Fransanın xarici işlər naziri Alen Jüpe bildirib ki, cinayətkar nəyin bahasına olursa-olsun, sağ ələ keçirilməlidir. "Biz onun sağ ələ keçirilməsini istəyirik ki, mühakimə olunsun və ölənlərin ailələri rahat nəfəs alsın", - Alen Jüpe belə deyib.
Qeyd edək ki, uzun müddət təslim olmaqdan imtina edən cinayətkar polislərlə danışıqlarda bütün Fransanı diz çökdürəcəyini və əlində silah öləcəyini bildirmişdi. Məhəmməd Mera Tuluzada 3 hərbçinin və yəhudi məktəbində 3-ü uşaq olmaqla 4 nəfərin ölümündə şübhəli bilinirdi. O, yəhudi məktəbinə hücum etməzdən əvvəl polislərə hücum etməyi planlaşdırdığını, lakin onlar tapa bilmədiyi üçün məktəbə üz tutduğunu, eləcə də hərbçilərə qarşı yeni hücumlar planlaşdırdığını deyib. Mera hücumu Fələstində öldürülən uşaqların qısasını almaq məqsədilə belə bir addım atdığını bildirmişdi.
Qeyd edək ki, əslən əlcəzairli olan Məhəmməd Meranın "Əl-Qaidə" ilə əlaqəsinin olduğu bildirilir. Onun Pakistan və Əfqanıstanda xüsusi təlimlər keçdiyi qeyd edilir.
DOSTLARINLA PAYLAŞ: