Fransa və Çin prezidentləri məxfi görüşdü
29 Aprel 2010 Cümə Axşamı 13:30
Sarkozi və Hu Sintao İranın nüvə proqramını müzakirə edib.
Fransa prezidenti Nikola Sarkozi Çinə səfər edib. Üç günlük səfər çərçivəsində Sarkozi, paytaxt Pekində çinli həmkarı Hu Sintao ilə görüşüb. Əsas məqsəd isə İranın nüvə proqramı ilə bağlı müzakirələr aparmaq olub.

İki ölkə başçısı arasında məxfi görüşdən sonra keçirilən birgə mətbuat konfransında Fransa prezidenti Nikola Sarkozi bildirib ki, İranın nüvə silahını inkişaf etdirməsi dünya stabilliyinə ciddi təhlükələr törədə bilər. Sarkozi onu da əlavə edib ki, əgər danışıqlar bir nəticə verməsə o zaman rəsmi Tehrana qarşı yeni qadağalar irəli sürülməlidir. Fransa Çin münasibətlərinə aydınlıq gətirən Fransanın dövlət başçısı Çinin beynəlxalq münasibətlərdə zəruri rol oynadığını və buna görə də iki ölkə arasında münasibətləri gücləndirmək istədiyini çinli həmkarının diqqətinə çatdırıb. İran problemi ilə yanaşı olaraq Sarkozi həmçinin dünya maliyyə böhranı ilə bağlı da fikirlər səsləndirərək deyib ki, Fransa Çinlə həmfikir olaraq maliyyə fəaliyyətlərinin daha yaxşı nizama salınmasının tərəfdarıdır.

Mətbuat konfransında çıxış edən Çinin dövlət başçısı Hu Lintao qeyd edib ki, Sarkozi ilə görüşdə nüvə enerjisindən sülh məqsədilə istifadə edilməsi, enerji, ətraf mühitin qorunması, kənd təsərrüfatı və bir sıra digər sahələrə dair ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılıb və bununla bağlı razılığa gəlinib.

Qeyd edək ki, Fransa prezidentinin Çinə səfəri 2008-ci ildə yaşanan Tibet məsələsindən sonra iki ölkə arasında yaranan gərgin münasibətlərin normallaşdırılması məqsədi daşıması kimi qiymətləndirilib. Adının açıqlanmasını istəməyən Fransa rəsmilərindən biri bildirib ki, Sarkozi ilə Hu Lintao arasında keçirilən görüşdə İran məsələsi ilə yanaşı olaraq eyni zamanda Əfqanıstan, Pakistan, Şimali Koreya və Myanmarla bağlı da müzakirələrin aparılacağı gözlənilirdi. Nikola Sarkozinin Hu Lintao ilə görüşdən sonra bu gun Çinin ali qanunvericisi Vu Banquo, daha sonra isə baş nazir Ven Ciabao və digər ali rəsmilərlə görüşü gözlənilir. Bu gün isə Sarkozi Dünya sərgisinin açılış mərasimində iştirak etmək üçün Şanxaya yola düşəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar