Fransa Senatında Qarabağ müzakirəsi olub
23 Fevral 2013 Şənbə 08:57
Natali Qule: Suriyada baş verən münaqişənin acı nəticələri Cənubi Qafqaz regionuna da öz təsirini göstərir.
Fransalı senator Natali Qule fevral ayının 19-da Fransa Senatında keçirilmiş plenar iclasında xarici siyasətə dair müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi, Suriyadan ermənilərin Dağlıq Qarabağa köçürülməsi və eləcə də ermənilərin Xocalıda yeni aeroport tikməsi məsələlərini qaldırıb.
APA-nın məlumatına görə, senator bildirib ki, Suriyada baş verən münaqişənin acı nəticələri Cənubi Qafqaz regionuna da öz təsirini göstərir: “Suriya erməniləri Ermənistana köçürülür və oradan da onları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətrafda yerləşən Laçın və Kəlbəcər kimi rayonlara göndərirlər. Erməni əsilli suriyalı qaçqınlara yönəlmiş belə bir siyasət pislənməlidir. Çünki bu siyasət beynəlxalq humanitar hüquqa və eləcə də dördüncü Cenevrə Konvensiyasına ziddir. Bölgədə demoqrafik tarazlığı süni şəkildə pozmağa yönəlmiş bu cür addımlar bir daha Ermənistanın destruktiv mövqeyini ortaya qoyur. Bununla Ermənistan təkcə bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini davam etdirmək deyil, eyni zamanda, Minsk Qrupunun iştirak etdiyi və dalana dirənmiş danışıqlar prosesi ilə yadda qalan bu mürəkkəb vəziyyəti uzatmaq niyyətini nümayiş etdirir”.
Natali Qule qeyd edib ki, Cənubi Qafqaz regionun bu hissəsində vəziyyət bir qədər də gərginləşib: “Ermənistanda yumşaq desək “demokratik” kimi qələmə verilmiş prezident seçkilərindən dərhal sonra ölkənin hökumət rəsmləri Xocalı aeroportunun istifadəyə veriləcəyini elan edirlər. Bu, Minsk Qrupu tərəfindən aparılan sülh prosesinə presedentsiz bir zərbə olmaqla, hazırkı status-kvoya da bir həmlədir. Fransa bu məsələni diqqətdə saxlamalıdır. Bu eyni zamanda Xocalıda baş verən qətliamın 21-ci ildönümü ərəfəsində bir provokasiyadır”.
Senator qeyd edib ki, Fransa Minsk Qrupunun həmsədri olaraq, heç vaxt qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb: “Bu qondarma qurumu heç Ermənistan özü də tanımayıb. Bundan başqa, bu bölgədə geopolitik vəziyyət də çox həssasdır. Belə davam edərsə, Rusiya hər zaman öz əraziləri hesab etdiyi Qafqazda bütün maraqlarını təmin edəcək. Rusiya Gürcüstanı da Abxaziya və Cənubi Osetiya münaqişələri, və bu ölkədə tez-tez dəyişilən hakimiyyətlər vasitəsi ilə əlində saxlamaq niyyətindədir. Ermənistan tam olaraq Rusiyanın nəzarətindədir. Bu baxımdan, bu regionda bizim üçün etibarlı ola biləcək bircə ölkə elə Azərbaycandır. Sizə xatırladım ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan, eyni zamanda İsrail dövləti ilə də əməkdaşlıq edir və tam multikultural bir ölkədir. Bu ölkədə xanımlara seçkilərdə səsvermə hüququ hələ 1918-ci ildə verilib”.
Natali Qule Fransa xarici işlər nazirinin Cənubi Qafqaz bölgəsinə çox diqqətlə yanaşmağa çağırıb: “Fransada erməni diaspor fəallarının Azərbaycana qarşı edilən yürütdüyü kin-küdurət, nifrət və yalan siyasətinə baxmayaraq, sizin Fransanın əsas tərəfdaşı olan Azərbaycana səfəriniz əlamətdar bir hadisə kimi yadda qalar”.
Senatorun bu sözlərinə cavab olaraq Fransanın xarici işlər naziri Loran Fabyus bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Madrid prinsiplərinə uyğun olaraq, hər zamankı qəti mövqeyində qalmaqdadır.
DOSTLARINLA PAYLAŞ: