Fransa Senatında Azərbaycan mətbəxi həftəsi keçirilir
08 İyun 2011 Çərşənbə 10:52
Fransa Senatında Azərbaycan mətbəxi həftəsi keçirilir. Senator Klod Bve Azərbaycan dolması və doğramacına valeh olub.
Fransa Senatında “Azərbaycan mətbəxi” həftəsi keçirilir. Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, senator Natali Qulenin dəstəyi ilə təşkil olunmuş tədbir iyunun 10-dək davam edəcək.
Senatın restoranının foyesində Azərbaycan xalçalarının müxtəlif növlərini, zəngin mətbəximizin nümunələrini və digər məhsullarını əks etdirən broşürlər, kitablar, fotolar nümayiş etdirilir.
Senatorlara və inzibati işçilərə pamidor və badımcan dolmaları, müxtəlif salatlar, doğramac, süfrələrimizin bəzəyi olan şəkərbura, paxlava təqdim edilmişdir. Sonrakı günlər isə fransızlara müxtəlif növ polvlar, qutablar və digər nemətlər təqdim olunacaq.
Aşpazlar Orxan Muxtarov və Ramin Nuriyev mətbəx nümunələrinin yüksək səviyyədə təqdim olunması üçün öz peşələrinə böyük məsuliyyətlə yanaşıblar.
Ləziz yeməklərdən dadmış senator Klod Bve Azərbaycan mətbəxi barədə belə deyib: “Biz fransızlar öz mətbəximizin zənginliyi ilə həmişə fəxr etmişik. Amma Azərbaycan mətbəxi nümunələri ilə tanışlıq məndə belə bir fikir yaratdı ki, Azərbaycan mətbəxi zənginliyi ilə yanaşı, öz dadı ilə də fransız yeməklərindən tam fərqlənir. Bu gün yediyim dolma və doğramac çox xoşuma gəldi. Azərbaycan mətbəxi həftəsinin davam etdiyi günlərdə digər xörəklərin də dadına baxmağı qərara almışam. Ölkənizə gəldikdə isə, etriaf edim ki, təəssüratım bəsitdir. Azərbaycanın Xəzər dənizi sahilində yerləşdiyini, yeraltı sərvətlərlə, xüsusilə hazırki dövrdə avropalıların daha çox ehtiyac duyduğu neft-qazla zəngin, regionda iqtisadi cəhətdən inkişaf edən bir ölkə olmasından xəbərim var. Nə vaxtsa ölkənizə səfər edəcəyimə ümidvaram”.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirdə iştirak edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: