Fransa qlobal nüvə standartları ilə bağlı islahatlara çağırıb
31 Mart 2011 Cümə Axşamı 16:23
Yaponiyaya gələn Nikolya Sarkozi Tokyonun nüvə böhranı ilə mübarizəsini yüksək qiymətləndirib
Yaponiyada dağıdıcı zəlzələ və sunamidən sonra bu ölkəyə səfər edən ilk xarici ölkə lideri - Fransa prezidenti Nikolya Sarkozi Tokyonun martın 11-də baş vermiş təbii fəlakətin səbəb olduğu böhranla mübarizədə tək olmadığını bildirib.
Nikolya Sarkozi atom-elektrik stansiyalarının təhlükəsizliyinin təminatı üçün ilin sonunadək qlobal nüvə standartları ilə bağlı islahatların aparılmasına çağırıb.
Hazırda 20-lik Qrup-a sədrlik edən Nikolya Sarkozi mayda bu blokun nüvə rəsmilərinin toplantısını keçirməyi planlaşdırdığını deyib. Məqsəd isə Yaponiyanın qəzalı Fukusima atom-elektrik stansiyasındakı böhrandan sonra yeni normaların müəyyən edilməsindən ibarətdir.
«Biz nüvə materiallarının təhlükəsizliyi üçün beynəlxalq normaların mövcudluğuna imkan verməyən əlaqəsizliyi aradan qaldırmalıyıq.» - Nikolya Sarkozi Yaponiyanın baş naziri Naoto Kanla birgə mətbuat konfransında belə deyib.
Öz növbəsində Naoto Kan da Nikolya Sarkozinin təklifini dəstəkləyib.
«Bizim vəzifəmiz bu cür hadisələrin təkrarlanmasına yol verməmək üçün dünya təcrübəsini paylaşmaqdan ibarətdir.»- deyə Naoto Kan bildirib.
Qeyd edək ki, Fransa Yaponiyaya təbii fəlakətlə mübarizədə ən güclü köməklik göstərən ölkədir.
DOSTLARINLA PAYLAŞ: