Fransa parlamenti niqab qadağasını təsdiqlədi
15 Sentyabr 2010 Çərşənbə 00:30
Növbə qanun layihəsinin Konstitusiya Şurasında müzakirəsinə çatıb.
Fransa parlamenti ictimai yerlərdə və küçədə üzü tam bağlayan geyimdə gəzməyə qadağa qoyan qanun layihəsini səsvermədən sonra rəsmən təsdiqlədi. İyulda sənədi parlamentin aşağı palatası təsdiqləmişdi. Bu dəfə isə qanun layihəsi 246 səslə Senatdan keçib. Sənədin əleyhinə yalnız Reyunyon adasından olan senator Ann-Mari Paye səs verib. Fransa KİV-inin məlumatına görə, səsvermə qızğın polemika şəraitində keçməyib.
Bundan sonra qanun Konstitusiya Şürasının müzakirəsinə verəcək. Şura sənədin Konstitusiyaya uyğunluğunu yoxlayacaq və onu tam qəbul edə, tam rədd edə və ya dəyişiklik olunmasını tələb edə bilər. Əgər qanuna Konstitusiya Şurasında da müsbət rəy verilsə, onu prezident imzalayacaq.
Qeyd edək ki, niqaba qadağa qoyulması təşəbbüsü ilə hakim “Xalq hərəkatı uğrunda İttifaq” partiyası çıxış edib. Prezident Nikolya Sarkozi isə dəfələrlə bəyan edib ki, üzü bağlayan geyimlər “qadınların heysiyyatını təhqir edir”.
Qanun layihəsi ictimai yerlər və küçədə üzü tam bağlayan geyimlərdə (İran pərəncəsi, ərəb niqabı və əfqan yapıncası) gəzməyin qadağan edilməsini nəzərdə tutur. Bu qanunu pozanları 150 avro cərimə və ya tərbiyəli vətəndaş kursları gözləyir. Bundan başqa, qanun layihəsində qadınları üzü tam bağlayan geyimlərə məcbur edənlərin 30 min avro məbləğində cərimə edilməsini və bir il müddətinə azadlıqdan məhrum olunmasını nəzərdə tutur. Eyni hərəkətlər azyaşlı qızlara qarşı edildikdə cəza ikiqat ola bilər.
Qadağalar 2011-ci ilin yazında qüvvəyə minə bilər. Qanun layihəsinin müəllifləri yarım il ərzində əhali arasında izahat işlərinin aparılmasını nəzərdə tuturlar.
Fransa Sosialist Partiyası da üzü bağlayan geyimlərin əleyhinədir. Lakin onun ictimai yerlər və küçədə qadağan edilməsinə qarşı çıxır.
Bəzi fransalı hüquqşünaslar hesab edirlər ki, əgər qanun qəbul edilsə, narazılar Avropa Məhkəməsinə müraciət edə və uda blərlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: