Fransa Pakistana vəd verdi
04 May 2011 Çərşənbə 23:50
Pakistanın baş naziri Yelisey Sarayında Nikolya Sarkozi ilə görüşüb
Pakistanın baş naziri Yusif Rəza Gilani ölkə rəhbərliyinin Üsəma Bin Ladenin Pakistanda olması barədə məlumata malik olması ilə bağlı yayılan söz-söhbətə münasibətini bildirib. Gilani terrorla mübarizədə hər hansı bir dövlətin qələbəsini hamının qələbəsi, məğlubiyyəti isə hamının məğlubiyyəti adlandırıb. “Əgər müdafiə və kəşfiyyat üzrə dünya ölkələri ilə müştərək əməkdaşlıq varsa, onda bu dövlətlərdən hər hansı birinin qələbəsi ümumi qələbədir. Hər hansı bir uğursuzluq isə hamının uğursuzluğudur. Bu səbəbdən də əgər biz onun yerini bilməyərək uğursuzluğa düçar olmuşuqsa, onda bu digərlərinin də uğursuzluğudur. Terrorçuluq bir qlobal məsələdir və heç bir dövlət təklikdə bununla mübarizə apara bilməz. Biz terrorla mübarizə aparmaq üçün birgə strategiyaya malik olmalıyıq”.
Fransada səfərdə olan Yusif Rəza Gilani Yelisey Sarayında Fransa prezidenti Nikolya Sarkozi ilə bir araya gəlib. İki lider arasında son günlər dünyada baş verənlər, xüsusilə “Əl-Qaidə” liderinin öldürülməsi faktı barədə fikir mübadiləsi aparılıb. Sarkozi ilə görüşün ardınca mətbuat konfransı keçirən pakistanlı nazir ölkəsi ilə ABŞ arasında kəşfiyyat sahəsində güclü əməkdaşlıq olduğunu vurğulayıb. "Ekstremizm və terrorizm ilə mübarizənin orta mərhələsindəyik. Bizim terrorla mübarizə aparmaq üçün istəyimiz, bacarığımız var və bu bizim maraqlarımız daxilindədir. Lakin bizdə də çatışmazlıq var və bunun aradan qaldırılması ilə bağlı Fransa prezidenti ilə söhbətləşdim və o, Pakistan hüquq-mühafizə orqanlarına yardım göstərməyə razılığını verdi", - deyə pakistanlı nazir bildirib.
DOSTLARINLA PAYLAŞ: