Fransa NATO-dan narazıdır
12 Aprel 2011 Çərşənbə Axşamı 16:04
Fransa XİN NATO-nun Liviyada öz rolunu maksimal dərəcədə oynamadığını hesab edir
NATO Liviyada Qəddafi qüvvələrinə məxsus hərbi texnikanın məhv edilməsi və dinc sakinlərin müdafiəsi üçün makimal dərəcədə təşəbbüs göstərmir. Fransanın xarici işlər naziri Alen Jüpe belə hesab edir. Nazir Afrika Birliyinin Liviyada sülhün bərqərar edilməsinə dair planının baş tutmamasından sonra belə bəyanatla çıxış edib.
Alen Jüpenin sözlərinə görə, NATO Misrata şəhərini atəşə tutan Qəddafi qüvvələrinə məxsus ağır artilleriyaya zərbə endirmək ətrafında mərkəzləşməlidir. "NATO öz rolunu tam mənasında oynamalıdır, bu isə dinc sakinlərə qarşı ağır silah-sursatdan istifadə edilməsinin qarşısını almaq deməkdir. Alyans əməliyyata rəhbərlik etmək istədi və biz bununla razılaşdıq." - Alen Jüpe "France İnfo" radiosuna müsahibəsində belə deyib.
Fransalı diplomat həmçinin Liviyalılara humanitar yardm məsələsində təşəbbüslərin də fəallaşdırılmasına ehtiyac olduğunu deyir. O, bu məsələləri NATO və Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin gözlənilən iclasları zamanı qaldırmaq niyyətindədir.
Yeri gəlmişkən, Beynəlxalq Qırmızı Xaç Komitəsi Liviya paytaxtı Tripolidə öz nümayəndəliyini açdığını və Misrataya mülki vətəndaşlara yardım üçün qrupun göndərildiyi barədə məlumat verib.
DOSTLARINLA PAYLAŞ: