Fransa Gürcüstana dəstək verdi
15 İyul 2010 Cümə Axşamı 17:35
Bernar Kuşner: "Rusiya qoşunları Abxaziya və Cənubi Osetiyadan çıxarılmalıdır".
“Abxaziya və Cənubi Osetiya Gürcüstanın ayrılmaz hissəsidir və Rusiya qoşunları oradan çıxarılmalıdır”. Bunu Tiflisdə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirilən birgə mətbuat konfransında Fransanın xarici işlər naziri Bernar Kuşner deyib. “Fransa üzərinə götürdüyü öhdəlikləri unutmayıb. Xüsusilə də, 2008-ci ilin avqust və sentyabr aylarında Nikola Sarkozi və Dmitri Medvedev arasında imzalanan və Rusiya qoşunlarının müharibəyəqədərki yerə qaytarılmasını nəzərdə tutan sazişi. Bu sazişin bir sıra bəndləri hələ də icra olunmayıb və biz daima Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üzərində işləyirik”, - deyə Kuşner bildirib.
Onun sözlərinə görə, bu məsələ üzrə həm qeyri-rəsmi, həm də rəsmi formatda danışıqlar aparılır.
“Birmənalı qaydada qeyd etmək istəyirəm ki, Abxaziya və Cənubi Osetiya Gürcüstanın bir hissəsidir və bu torpaqlar onun tərkibinə qaytarılmalıdır”, - deyə Kuşner əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: