Fransa erməniləri əl-ayağa düşüb
23 İyul 2009 Cümə Axşamı 15:25
Ermənilər “Böyük səkkizliyin” yığıncağında Amerika, Fransa və Rusiya prezidentlərinin səsləndirdikləri fikirlərdən narahatdırlar

 

Erməni lobbisinin vəsaiti hesabına Parisdə fransız dilində nəşr olunan gündəlik “Les Nouvelles d’Armenie” (“Ermənistan xəbərləri“) qəzetində “Dağlıq Qarabağ Respublikası və Qarabağ əhalisi qorxu içindədir” sərlövhəli məqalə dərc edilib.

Məqalədə “Böyük səkkizliyin” İtaliyada keçirilmiş yığıncağında Amerika, Fransa və Rusiya prezidentlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səsləndirdikləri fikirlərə münasibət bildirilib. Qəzetin yazdığına görə, üçlük “Dağlıq Qarabağ Respublikasının” və əhalisinin təhlükəsizliyinin təmin olunması barədə Ermənistanla Azərbaycan arasında sülhün imzalanması, Cənubi Qafqaz bölgəsində sabitliyin bərpa olunması məqsədini daşıyan Madrid prinsiplərinin böyük əhəmiyyətini qeyd edib.

Üçlüyün görüşündə Ermənistanla Dağlıq Qarabağ arasındakı zona da daxil olmaqla, bütün Dağlıq Qarabağ ərazisinin Azərbaycanın əzəli torpaqları olması və bu ərazilərin ölkəmizə qaytarılması barədə səslənən fikirlər Fransada yaşayan erməniləri, xüsusilə, Azərbaycana qarşı həmişə qərəzli mövqe tutmuş Daşnaksutyun partiyasının Fransadakı qolu olan Fransalı Ermənilər Assosiasiyasını (FRA) yaman qəzəbləndirib.

Xaricdəki erməni diasporunun, o cümlədən Fransadakı bu assosiasiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləmək əvəzinə, onun yenidən qızışmasında maraqlı olması, qondarma “respublikadakı” soydaşlarının mənafelərini müdafiə etmək adı altında başqa ərazilər ələ keçirməklə “böyük Ermənistan” yaratmaq kimi xam xəyallara qapılması, boş ideyalarla erməni xalqını məhrumiyyətlərə məruz qoyması, uçuruma yuvarlatması artıq hamıya gün kimi aydındır. İdeyalarının mənasız olduğunu dərk edən Fransa erməniləri qan qardaşlarının ağır və həddindən artıq çətin şəraiti barədə düşünmək və onu aradan qaldırmaq əvəzinə, yaranmış vəziyyəti daha da qızışdırmağa səy edirlər. Məhz buna görə də üçlüyün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini qərəzlə qarşılayıblar. FRA Madrid prinsiplərinin Dağlıq Qarabağdakı erməni əhalisinin istəklərinə təmamilə zidd olduğunu və guya onların Ermənistan prezidentini təslimçilik aktını imzalamağa sövq etdiyini israrla bildirməyə çalışır. Assosiasiyanın fikrincə, Dağlıq Qarabağ və onun əhalisinin müqəddəratına və gələcəyinə aid bütün məsələlər geniş şəkildə məsləhətləşmə yolu ilə həll edilməli, danışıqlar prosesində uydurma “Dağlıq Qarabağ Respublikası”nın rəsmilərinin bilavasitə iştirakı təmin olunmalıdır.

FRA-nın rəhbərləri Murad Papazyan, Riçar Ananyan və Tro Ekmekcanyandan ibarət heyət Ermənistanın Fransadakı səfirliyində olublar.  Onlar Ermənistanın son bir ildəki xarici siyasətinə, o cümlədən Ermənistan-Türkiyə əlaqələrinə kəskin münasibət bildirərək, bu sahədə hökumətin fəaliyyətini ciddi tənqid ediblər.  Ermənistan diplomatiyasının son vaxtlar uğursuz siyasətini vurğulayaraq, erməni xalqının maraqlarına cavab verməyən xətt götürmüş xarici işlər naziri Eduard Nalbandyanın istefasını tələb ediblər.

Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinin intensivləşməsi, digər ölkələrin münaqişənin tezliklə həllinə çalışması xaricdə yaşayan erməniləri yamanca təşvişə salıb. Onlar münaqişənin həlli istiqamətində atılan hər addıma öz prizmalarından yanaşır və bu danışıqlara qara yaxmağa çalışırlar. Çünki işğal olunmuş torpaqların Azərbaycana qaytarılacağını və beləliklə də, onların “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyalarının puça çıxdığını dərk edirlər./Azərtac/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar