«Flydubay» aviaparkını genişləndirib
26 Avqust 2011 Cümə 14:52
«Flydubay» aviaparkını genişləndirib
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti aviaparkını genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Flydubai» bir ay ərzində 2 təyyarə əldə edərək, hava donanmasının sayını 19-a çatdırıb: «Bu il aviaşirkət artıq 8 təyyarəyə sahib olub. ABŞ-ın Sietl şəhərindəki təyyarə zavodunda inşa edilmiş və dəyəri 80 mln. ABŞ dolları olan «Boeing 737-NG800» artıq Dubaya gətirilib və şirkətin 38 istiqamətlik uçuş marşrutuna əlavə olunacaq».
Yeni təyyarə «Flydubay» şirkətinin sərnişinlərinin rahatlıq və komfortunu təmin etmək üçün «Sky Interior» dizaynı və «Fibre-To-The-Screen» mütərəqqi əyləncə sistemi ilə təchiz edilmiş sayca 12-ci «Boeing»dır ki, artıq şirkətə məxsus olan təyyarələrin 60%-i ən müasir əyləncə sistemləri ilə təchiz edilib.
Qeyd edək ki, 2011-ci ildə «Flydubay» aviaşirkəti donanmasında təyyarələrinin sayını 24-ə çatdıracaq. Ümumiyyətlə, «Flydubai» şirkəti «Boeing» korporasiyasından 50 ədəd avialayner sifariş edib və bu təyyarələr 2015-ci ilədək şirkətin aviaparkına daxil olacaq.
Xatırladaq ki, hazırda «Flydubai» şirkəti Dubay şəhərindən 44 istiqamətə, o cümlədən Bakıya uçuşları yerinə yetirir.
DOSTLARINLA PAYLAŞ: