Fevralda İranda Tu-154 təyyarələrinin istismarı qadağan ediləcək
16 Yanvar 2011 Bazar 01:25
Mülki Aviasiya Təşkilatı hava yolları şirkətlərinə fevralın 19-nadək bu təyyarələrin istismarını başa vurmağa çağırıb.
İran hökuməti fevralın 20-dən Rusiya istehsalı olan Tu-154 təyyarələrinin istismarı qadağan ediləcək. Bu barədə məlumatı İranın Fars agentliyi Mülki Aviasiya Təşkilatının rəhbəri Rza Naxçıvaniyə istinadən yayıb. O bildirib ki, İranın bütün hava yolları şirkətləri fevralın 19-nadək Tu-154 təyyarələrinin istismarını yekunlaşdırmalıdırlar. Rza Naxçıvaninin sözlərinə görə, Tu-154 tipli təyyarələri olan hava yolları şirkətləri onları başqa təyyarələrlə əvəzləməlidirlər.

“Reuters” agentliyinin məlumatına görə, Mülki Aviasiya Təşkilatı rəhbərinin xəbərdarlıq məktubları “Iran Air Tour”, “Kish Air”, “Eram” və “Taban” hava yollarına göndərilib. Onların hava donanmasında ümumilikdə 17 ədəd Tu-154 təyyarəsi var. Məktubda deyilir ki, Tu-154 təyyarəsinin qadağan edilməsi bu təyyarənin iştirakı ilə baş verən son insidentlərlə əlaqədar, eləcə də, bu təyyarələrin istismar müddətinin fevralın 19-da başa çatması ilə əlaqədardır.

12 fevral 2002-ci ildə İran hava yolları şirkətinə məxsus Tu-154 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 119 nəfərin hamısı həlak olub.

15 iyul 2009-cu ildə İranın şimalında “Caspian Arlines” hava yolları şirkətinə məxsus təyyarə Tehran-Yerevan reysini həyata keçirərkən təcili eniş zamanı qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 168 nəfər, o cümlədən, 153 sərnişin olub. Qəza, Tu-154 təyyarəsi havaya qalxdıqdan cəmi 16 dəqiqə sonra baş verib.

24 yanvar 2010-cu ildə daha bir Tu-154 təyyarəsi Məşhəd şəhərinin hava lmanında qəzaya uğrayıb. Olduqca sərt enişdən sonra təyyarə yanıb və qismən dağılıb. Təyyarənin göyərtəsində 150 nəfər olub. Onlardan 42-si xəsarət alıb. Ölən olmayıb.

İslam inqilabınadək İranın kommersiya hava donanması ABŞ-ın “Boeinqg” və Fransanın “Airbus” təyyarələrindən ibarət olub. O vaxt “İran Air” hava yolları şirkəti dünyada ikinci ən təhlükəsiz hava nəqliyyatı şirkəti hesab olunurdu. İranla ABŞ arasında 1979-cu ildə baş verən diplomatik böhrandan sonra Vaşinqton bu ölkəyə yeni Amerika təyyarələri və ehtiyat hissələrinin satılmasına embarqo qoyub. Embarqo şəraitində qalan İran digər ölkələrdən istifadə olunmuş Amerika təyyarələrini və Rusiyada “Tupolev” markalı təyyarələri almağa məcbur olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar