Fələstinlilərlə yəhudilər arasında toqquşma baş verib
08 Avqust 2009 Şənbə 04:30
Əsasən fermer təsərrüfatı ilə məşğul olan Fələstinlilər İsrailin onları ərazilərindən qovmasından narazıdır

100-ə yaxın yeni məskunlaşmış yəhudi və fələstinli arasında toqquşma baş verib. Hadisə İordan çayının qərb sahilində yerləşən Burin kəndində Fələstinlilərin İsrailin siyasətinə etiraz etməsi zamanı baş verib. Əsasən fermer təsərrüfatı ilə məşğul olan Fələstinlilər İsrailin onları ərazilərindən qovmasından narazıdır. Etiraz edən fələstinlilərin sözlərinə görə, onlar öz torpaqlarında dua edən zaman Yəhudilər onlara hücum edərək silahla hədələyiblər. Nəticədə tərəflər arasında qarşıdurma baş verib.
Toqquşmanın qarşısını almaq üçün İsrail hərbiçiləri gözyaşardıcı qazdan istifadə edib. Qeyd edək ki, Burin kəndi yaxınlığında fələstinlilər və yəhudilər arasında toqquşmalar tez tez baş verir. Kəndin fermerlərinin sözlərinə görə, onlar Yitzar və Braxa yaşayış məskənlərinə qədər olan ərazilərdə İsrailin xüsusi razılığı ilə fermer təsərrüfatı ilə məşğul ola bilirlər. Bu ərazilərə onlar ildə iki dəfə əkin və biçin üçün buraxılır. Fələstinlilər isə fermer təsərrüfatının inkişaf etdirilməsi üçün əraziyə buraxılışda məhdudiyyətin aradan qaldırılmasını tələb edir.
İsrail rəsmiləri isə əraziyə hər hansı bir məhdudiyyətin qoyulmasını inkar ediblər, eyni zamanda onlar məhdudiyyətlərin tətbiq edilməsində əsas məqsədin fələstinli fermerlər və yeni məskunlaşmış yəhudilər arasında toqquşmanın qarşısının alınması olduğunu bildiriblər. Bundan əlavə Fələstinlilər İsrail tərəfindən Bilin şəhərində səddin inşa edilməsindən narazıdırlar. Hər həftənin cümə günü fələstinlilər səddin tikintisinə etiraz etmək üçün əraziyə toplaşır. İsrail rəsmiləri səddin terrorçulara qarşı tikildiyini bildirsə də, fələstinlilər İsrailin işğalçılıq siyasəti yürütdüyünü bildirir.  /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar