Qəzzanın küçələrində havaya atəş açılır, insanlar bir-birini şirniyyata qonaq edir
İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə mindi və yüzlərlə fələstinlik Qəzzanın küçələrində müqavimət hərəkatının qələbəsini bayram etməyə başlayıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, muxtariyyətdə havaya atəş açılır. Son həftə ərzində insanlar qorxmadan küçələrə çıxa bilirlər.
“Müqavimət hərəkatı qalib gəldi, Allah böyükdür”, - fələstinlilər qışqırırlar. Qəzzanın əsas küçələrində nəqliyyatın hərəkəti dayanıb. İnsanlar bir-birilərini şirniyyata qonaq edirlər.
İordan çayının qərb saşilindəki şəhərlərdə də analoji ab-hava hökm sürür.
Qeyd edək ki, atəşkəs razılaşması Bakı vaxtı ilə ötən gün saat 23.00-dan etibarən qüvvəyə minib.
İsrail ordusunun bir həftə davam edən genişmiqyaslı əməliyyatı zamanı 162 nəfər, o cümlədən, 43 uşaq və 11 qadın həlak olub, 2350 fələstinli yaralanıb. İsraildə isə raket hücumları nəticəsində 5 nəfər ölüb, onlarla adam xəsarət alıb.