Yerli Səhiyyə nazirliyinin yaydığı məlumata görə Qəzzada İsrail əməliyyatı zamanı cümə axşamından cüməyə keçən gecə ölənlərin sayı 120 nəfərə çataraq bu günə kimi ən qanlı gecələrdən biri olub.
ANS PRESS-in məlumatına görə, nazirlikdən bildiriblər ki, bir həftə əvvəl quru döyüşlərinə keçid alan münaqişənin 18-ci günündə ölənlərin ümumi sayı 800 nəfərə çatıb. Bunlardan 200 uşaq, 75 qadın, 40 ahıl olduğu diqqətə çatdırılır. Yaralıların sayı isə 5 130 nəfərə çatıb. Dəqiqləşdirilmiş məlumatlara əsasən şimal şəhəri olan Beyt-Xanunda yerləşən BMT məktəbinin atəşə tutulması nəticəsində 17 fələstinli həlak olub, iki yüzü isə yaralanıb. Məktəbdə müharibə bölgəsində evlərini atıb qaçan köçkünləri qəbul edən məntəqə də mövcud olub.
Qurbanların əksəriyyəti yenə də qadın, qoca və uşaqlardır. Zərərçəkmişlər arasında məktəbin himayədarı olan BMT-nin Yaxın Şərq üzrə qaçqınlara kömək agentliyinin üzvləri olmayıb. Elə həmin agentliyin məlumatına görə 1,7 milyon əhalisi olan Qəzzada 140 min insan ölkədaxili köçkündür. Onlar bölgə boyu yayılan BMT-nin 83 məktəb məntəqəsində sığınacaq tapıblar.
Səhiyyə Nazirliyi sözcüsü həm də İsrail silahlı qüvvələri tərəfindən uşaq xəstəxanası bölgəsini atəşə tutulması məlumatı da verilib. Bu zaman qəlpələrdən biri xəstəxananın reanimasiya şöbəsində yatan 2 yaşlı uişağın həyatına son qoyub, 30 nəfər isə yaralanıb.
Qeyd edək ki, dinc əhali arasında artan ölümlərə görə İsrail tərəfi Həması günahlandırır. İsrail rəsmilərinin bildirdiyinə görə Həmas üzvləri ikili cinayət işlədərək, həm israilliləri atəşə tutur və həm də öz həmyerlilərindən “canlı sədd” düzəldirlər.
Bu arada fələstinlilər raket atışlarının sayını günü-gündən azaldır. Belə ki, ötən günlərdə 10-150 arasında dəyişən raket atışları 60-65 atışla dəyişilib.
Quru döyüşləri əvvəlki kimi Beyt-Xanun və paytaxt Qəzzanın şərqi kənarlarında, al-Beyrudci qaçqın lagerlərində və Xan-Yunis şəhərində gedir. İsril hərbiçilərinin əsas məqsədi sərhəd boyu gizli tunellərin aşkarlanmasıdır.
Dünya ölkələri münaqişənin dayandırılmasına çalışdığı bir vaxtda İsrail əməliyyatların genişləndirilməsi və cəlb olunan qüvvələrin artırılacağı barədə məlumat verirlər. Kompaniya vaxtı İsrail tərəfdən 32-si hərbiçi olmaqla 35 nəfər həyatını itirib.