Fələstin prezidenti İsrailin Qəzza zolağına zərbələrini pisləyib
09 Aprel 2011 Şənbə 16:03
Aviazərbələr nəticəsində son bir neçə gündə 14 nəfər ölüb.
İsrail hərbi-hava qüvvələrinin Qəzza zolağına ən son aviazərbələri nəticəsində son sutka ərzində 14 nəfər ölüb. Atəşkəs elan edilməsinə baxmayaraq, zərbələr endirilməsi davam edir. Dünən daha 6 nəfər avaizərbələrin qurbanı olub. Bir ana və qızının, eləcə də yaşlı bir adamın Xan-Yunus şəhəri yaxınlığında aviazərbələr nəticəsində, əl-Kassam qruplaşmasının bir hərbçisi və daha 2 nəfərin də Qəzzada evlərinə raket düşməsi nəticəsində öldüyü bildirilir.
İsrail tərəfinin açıqlamasında "Həmas" təşkilatının dinc sakinlərdən canlı qalxan kimi istifadə etdiyi iddia edilib və dinc sakinlərin ölümü təsdiqlənib. Qəzza zolağının səhiyyə qurumları İsrailin aviazərbələri nəticəsində 40-dan çox adamın da yaralandığını bildirir.
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas İsrailin Qəzza zolağına zərbələr endirməsini pisləyib. "İsrail ərəb ölkələrində yaranmış vəziyyətdən Fələstin xalqına qarşı yeni təzyiqlər etmək üçün istifadə edə bilər. İki il əvvəl Qəzza zolağında İsrail aqressiyası nəticəsində 1500-dən çox adam öldürülüb, 500 min adam yaralanıb, 2500 ev dağıdılıb və 100 min adam məcburi köçkün olub, onlar evsiz-eşiksiz küçələrdə qalıblar, bu onlar üçün kifayətdir. Həmin vaxtdan indiyədək İsrail öz aqressiyasına son verməyib və Qəzza zolağına zərbələr endirməyə davam edib. İsrail artıq Fələstinin silahsız dinc sakinlərinə qarşı hərbi əməliyyatlar həyata keçirməkdən çəkinmir. Bu, Fələstin xalqına qarşı beynəlxalq cinayət hesab edilir." - Mahmud Abbas belə deyib.
DOSTLARINLA PAYLAŞ: