“Eurovision” mahnı müsabiqəsinin qalibi prezidentliyinə namizədliyini verib
21 Sentyabr 2011 Çərşənbə 00:46
Seçkilər oktyabrın 27-də İrlandiyada keçiriləcək
Bakı. Ülkər Qasımova – APA. 1970-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində İrlandiyanı təmsil edən və qələbə qazanan Dana Rosemary Scallon prezidentliyə namizədliyini verib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, həmin ildə “All kinds of everything” mahnısı ilə qalibiyyəti əldə edən Dana 1990-cı ildə siyasətə gəlib. O, İrlandiyada keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb. Seçkilərdə topladığı səs faizinə görə 3-cü olan Dana sonradan siyasətdən vaz keçməyib və bu yolu davam etdirib. Müsabiqə birincisi 1999-cu ildə Avropa Parlamentinin üzvü olub.
“Eurovision” qalibi yenə də İrlandiya prezidentliyinə namizədliyini verib. Buna baxmayaraq, musiqi aləmindən də getməyib. 2006-ci ildə öz səsyazma şirkətini yaradan Dana İrlandiyanın ən böyük şou proqramı - "İrlandiyanın istedadları" adlı TV layihəsində münsiflər heyətində təmsil olunub.
Qeyd edək ki, İrlandiyada prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: