Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” müsabiqəsinin finalına bilet satışı bu həftənin bazar günü - dekabrın 12-də başlayacaq.
APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, mayın 14-də keçiriləcək finala bilet satışı online formasında həyata keçiriləcək. Biletləri ancaq Dticket.de. saytından almaq mümkün olacaq. Dekabrın 12-də səhər saatlarından etibarən biletlər satışa çıxarılacaq. Avropa Yayım Birliyi (EBU) başqa yerlərdən alınan bieltlərə zəmanət vermir.
Finala 35 min billet satılacaq. Şou Almaniya vaxtı ilə 21:00-da (Bakı vaxtı ilə 24:00) başlayacaq. Maraqlıdır ki, biletlərin qiyməti Osloda keçirilən müsabiqədəki biletlərlərin qiyməti ilə müqayisədə aşağıdır. Biletlərin qiyməti 89 avrodan başlayır. Ən bahalı bilet 189 avro olacaq.
Mayın 10-da və 12-də keçiriləcək yarımfinal mərhələsinin biletlərinin yanvarın sonunda satışa çıxarılması nəzərdə tutulur. Çünki həmin vaxt artıq bu iki yarımfinalın iştirakçıları məlum olacaq.