Esed etiraf etdi
31 May 2013 Cümə 10:36
Bu barədə danışmaq hələ tezdir.
Rusiya Suriyaya vəd etdiyi silahların bir hissəsini artıq göndərib. Bunu Suriya prezidenti Bəşər Əsəd Livanın «Əl-Manar» televiziyasına verdiyi eksklüziv müsahibəsində təsdiqləyib. Lakin Suriya prezidenti bu silahların içində S-300 zenit raket komplekslərinin olub-olmadığına dair dəqiq bir şey deməyib.

«Rusiya ilə sazişlərin münaqişəyə aidiyyatı yoxdur, biz uzun illərdir müxtəlif növ silahlara dair danışıqlar aparırdıq. Rusiya və Suriya bu sazişlərin icrasında qərarlıdır. Demək istəyirəm ki, nə Netanyahunun səfəri, nə də münaqişə silah ixracatına təsir göstərməyib və Rusiya ilə razılaşdırdıqlarımız icra ediləcək. Silahların bir hissəsi bu yaxınlarda çatdırılıb, biz və rusiyalılar bu sazişləri icra etməyə davam edəcəyik», - deyə Bəşər Əsəd vurğualyıb.

Bəşər Əsəd İsrailin aviazərbələrinə də münasibət bildirərək, bir daha ona və müttəfiqlərinə xəbərdarlıq edib: «Bizimlə əlaqəyə girən bütün Qərb və ərəb dövlətlərini xəbərdar etmişik ki, başqa bir hücum olacağı təqdirdə hücuma cavab verəcəyik. İsrail tərəfindən bir dəfədən çox hücum və təxribat olub, amma biz dərhal onu dəf etmişik. Biz İsrailin hücumlarını dəf etmək istəyiriksə, əks cavabımız strateji dəfetmə olacaq. İsrailin terrorçuların tərəfində müdaxilə etməsinin və terrorçuları dəstəkləməsinin iki məqsədi var: birincisi, müqavimətimizi zəiflətmək, ikincisi, Suriyanın hava müdafiəsini məhv etmək».

Suriya prezidenti gələn ay Cenevrədə keçirilməsi planlaşdırılan Suriyaya dair sülh konfransında öz nümayəndə heyətinin iştirak edəcəyini bildirib və bunun şərtini də açıqlayıb: «Suriya daxilində yaxud xaricində hər hansı bir görüşün, o cümlədən Cenevrə görüşünün məqsədləri Suriya xalqının fikrinə və referendumun nəticələrinə uyğun olmalıdır. Bu, bizim yeganə şərtimizdir və bundan başqa hər şey mənasızdır, ona görə də Cenevrə konfransında iştirak edəcəyik və çox rahatıq.» - Bəşər Əsəd belə deyib.

Əsəd Livan televiziyasına 2014-cü ildə Suriyada prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair də açıqlamalar verib: «Bəzi şəxslər mənim 2014-cü ildə prezident seçkilərində namizədliyimi verməyimi istəmədiklərini bəyan ediblər, amma mən demişəm ki, bu barədə danışmaq hələ tezdir. Vaxtı gələndə, namizəd olmağa ehtiyac hiss etdiyimdə məsələni gündəmə gətirəcəm, bu zaman da vətəndaşlarımla ünsiyyətə girəcəm, əgər onlar mənim seçkilərdə iştirak etməyimi istəsələr, onda tərəddüd etməyəcəm. Amma əgər hiss etsəm ki, suriyalılar məni istəmirlər, onda iştirak etməyəcəm. Düşünürəm ki, həmin insanlar sadəcə vaxtlarını boşuna sərf edirlər».

Suriya dövlət başçısı əvvəlki müsahibələrində olduğu kimi, bir daha ölkəsində terrorçulara qalib gələcəyinə əmin olduğunu vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar