Ermənistanla əlaqələrin normallaşması çox çətin prosesdir
02 Mart 2011 Çərşənbə 00:51
“Əldə olunmuş konsensusun iki ölkənin qarşılıqlı münasibətləri ilə yanaşı, bütün Cənubi Qafqaz bölgəsinə də təsiri ola bilərdi”
“Ermənistanla əlaqələrin normallaşması çox çətin və həssas prosesdir”.Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bunu Almaniyanın “Hannoverşe Algemayne” qəzetinə müsahibəsində bildirib. Türkiyə hökuməti başçısının sözlərinə görə, Ankara öz ətrafında sülh, təhlükəsizlik və sabitlik şəraitinin bərqərar olmasını istəyir: “Ermənistanla normallaşma prosesi də bu səbəbdən başladı. 2009-cu il oktyabrın 10-da Sürixdə imzalanmış protokollar bu istiqamətdə əldə olunmuş ən böyük uğurdur. Orada əldə olunmuş konsensusun iki ölkənin qarşılıqlı münasibətləri ilə yanaşı, bütün Cənubi Qafqaz bölgəsinə də təsiri ola bilərdi. Lakin normallaşma prosesi həm Türkiyə, həm də Ermənistan üçün çətin prosesdir”.

Rəcəb Tayyib Ərdoğan deyib ki, təqribən 800 il birlikdə yaşamış türk və ermənilərin yaddaşında bir dava olduğu açıqdır: “Biz öz yaddaşımızda olanları başqalarına təlqin etməyə çalışmırıq. Heç kimin də öz yaddaşında qalanlarla bizə təzyiq etməyə haqqı yoxdur. Türkiyə 1915-ci ildə baş verənlərin bir tərəfin o birinə “soyqırımı” kimi təqdim etməsinə qarşıdır. Hadisələrin bu cür təqdim olunması ermənilərin milli düşüncələrini önə çıxarmaqla türklərin itkilərini görməməkdir”.

“Bütün bunlara aydınlıq gətirmək üçün bitərəf akademik fəaliyyətlərə olan ehtiyac daha da artmaqdadır”, - deyən Rəcəb Tayyib Ərdoğanın fikrincə, yalnız bu şəkildə ədalətli bir nəticə əldə oluna bilər. “Müştərək Türk-Erməni Tarixçilər Komissiyasının yaradılmasını nəzərdə tutan Sürix protokollarının bu məsələdə mühüm bir addım olacağına inanırıq”, - deyə Türkiyənin baş naziri bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar