Ermənistanın hakim strukturlarında istefalar davam edir
05 Noyabr 2011 Şənbə 11:20
Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisinin istefa verməsi barədə xəbərlər yayılıb, yerli mətbuat Qeqarkunik və Vayoçdzor vilayətlərinin qubernatorlarının da istefa verəcəyini yazır.
Ermənistan mətbuatında Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisi Ayk Arutyunyanın istefa verdiyi barədə xəbərlər yayılıb. APA-nın “Aykakan Jamanak” qəzetinə istinadən yaydığı məlumata görə, Qeqarkunik vilayətinin qubernatoru Nver Poqosyan və Vayoçdzor vilayətinin qubernatoru Sergey Baqratyan da istefa verməyə hazırlaşır. Hər iki şəxs “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsidir. “Aykakan Jamanak” üç gün əvvəl istefaya göndərilmiş Ermənistan Polisinin sabiq rəhbəri Alik Sarsyan Qeqarkunik vilayətinə qubernator təyin olunacağını yazıb. Tert.am saytının yazdığına görə, Ermənistan Prezidenti Nəzarət Xidmətinin rəhbəri Ovannes Ovsepyan, və “Çiçəklənən Ermənistan” partiyasından olan nazirlər də tutduqları vəzifələrdən istefa verəcəklər.
DOSTLARINLA PAYLAŞ: